XƏBƏRDARLIQ! Bunu etsəniz, kartınızdakı pullar OĞURLANACAQ

Bank kartlarından oğurluqlar davam edir. Sozcu.az bildirir ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Elşad Hacıyevin sözlərinə görə, vətəndaşlar diqqətli olmadıqca aldanacaqlar. O qeyd edib ki, xarici ölkələrdən gələn zənglər, mesajlar, oyun-uduş kuponlarının alqı-satqısı, kəşbek tələləri onlarla şəxsin pullarının talanmasına səbəb olub: "Mayın 14-15 tarixlərində ayrı-ayrı vətəndaşların diqqətsizliyi nəticəsində 600, 3900, 2450, 500, 410, 1050, 560, 35, 400, 438, 1700, 60, 6000, 100, 50, 4044, 2700, 1684, 1400, 2198, 1000 manat və 332 ABŞ dolları xarici bank hesablarına, xaricdə alış-veriş dükanlarında nağdlaşdırılaraq çıxarılıb. Talamalar vətəndaşların bank kart məlumatlarını naməlum şəxslərə təqdim etməsi, əlavə qazanc məqsədilə saxta linklərə daxil olması ilə əlaqədar olub. Etməyin, zənglər üzrə nömrələrin hansı ölkədən olmasına baxın, onlayn kəşbek linklərinə daxil olmayın, "bank kartınıza müdaxilə var", "əlavə qazanc, yüksək faiz" deyənlərə inanmayın". E.Hacıyev bildirib ki, bəzi vətəndaşlar bununla bağlı məlumatlı olsalar da, aldanırlar: "Talamaya məruz qalan vətəndaşlar Daxili İşlər Nazirliyi tərəfindən aparılan təbliğatdan xəbərdar olublar. Bunu zərərçəkmişlərdən soruşuruq, "Məlumatım var idi, bilmədim ki, mənim də başıma gələ bilər", - deyirlər".

Azərbaycanda vəzifəli şəxs rüşvət alarkən tutuldu

Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının Lökbatan ərazi dairəsi üzrə nümayəndəliyinin əməkdaşı cinayət məsuliyyətinə cəlb edilib. Bu barədə Sozcu.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Bakı Şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının Lökbatan ərazi dairəsi üzrə nümayəndəliyinin əməkdaşı Həsənov Bəxtiyar Rafiq oğlu vətəndaşdan rüşvət alarkən cinayət başında yaxalanıb və fakta görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. İbtidai istintaqla Bəxtiyar Həsənovun Lökbatan qəsəbəsində yerləşən torpaq sahələrində fərdi yaşayış evinin tikilməsinə icazə verilməsinə köməklik göstərilməsi üçün ayrı-ayrı vətəndaşlardan müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib. B.Həsənovun xidməti otağında aparılmış axtarışla iş üçün əhəmiyyət kəsb edən sübutlar aşkar edilərək götürülüb. Toplanmış sübutlarla Bəxtiyar Həsənova Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə ittiham elan edilməklə barəsində istintaq orqanının vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə ev dustaqlığı qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə digər təqsirli şəxslərin dəqiq dairəsinin müəyyən olunması istiqamətində istintaq davam etdirilir.

Lukaşenko Azərbaycana gəldi

Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycana dövlət səfərinə gəlib. Sozcu.az  xəbər verir ki, dövlət başçısının təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib. Aleksandr Lukaşenkonu Azərbaycan baş nazirinin birinci müavini Yaqub Eyubov, xarici işlər nazirinin müavini Elnur Məmmədov, Azərbaycanın Belarusdakı fövqəladə və səlahiyyətli səfiri Məhərrəm Əliyev, o cümlədən Belarus nümayəndə heyətinin üzvləri - Baş nazirin müavini İqor Petrişenko, xarici işlər naziri Sergey Aleynik və Belarus diplomatik missiyasının rəhbəri Andrey Ravkov qarşılayıblar. Məlumata görə, dövlət başçısı Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə rəsmi danışıqlar aparacaq. İki liderin görüşü təkbətək formatda və nümayəndə heyətləri üzvlərinin iştirakı ilə geniş tərkibdə keçiriləcək. Prezidentlər ticari-iqtisadi əlaqələrin genişləndirilməsi, sənaye və kənd təsərrüfatı sahələrində əməkdaşlığın inkişaf etdirilməsi və ikitərəfli münasibətlər üzrə digər aktual məsələləri nəzərdən keçirəcəklər. Danışıqların digər mövzusu Belarus və Azərbaycan arasında beynəlxalq platformalarda əməkdaşlıq olacaq. Prezidentlər qlobal və regional məsələlər ətrafında müzakirə aparacaqlar. Danışıqların nəticəsi olaraq ikitərəfli sənədlər paketi imzalanacaq. Bununla yanaşı, Aleksandr Lukaşenko və İlham Əliyevin beynəlxalq kənd təsərrüfatı sərgisi olan “Caspian Agro”ya da baş çəkəcəkləri gözlənilir.

13 yaşlı qızı qaçıran 45 yaşlı mühafizəçiyə hökm oxundu

Ötən ilin aprelində Tovuz sakini olan 13 yaşlı Mədinə Ağayevanı (şərti) qaçıran Xaçmaz rayon Xudat şəhər sakini, 1979-cu il təvəllüdlü Səfər Kavazova hökm oxunub. Sozcu.az qafqazinfo-ya istinadən xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə S.Kavazov Cinayət Məcəlləsinin 144.3 və 149.3.3-cü (Adam oğurluğu və zorlama) maddəsi ilə təqsirli bilib. Bildirilib ki, Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının tabeliyindəki Xudat Ailə Sağlamlıq Mərkəzində mühafizəçi işləyən 45 yaşlı Səfər Kavazov yeniyetmə qızla “snapchat” sosial şəbəkəsində tanış olub. O, M.Ağayeva ilə evlənəcəyini deyərək azyaşlını inandırıb və Tovuzdakı evlərindən qaçaraq Xaçmaza gəlməsini istəyib. Bundan sonra 45 yaşlı kişi 13 yaşlı qızı Xudatda yaşayış olmayan evə apararaq bir neçə gün gizli saxlayıb və bu müddət ərzində cinsi təcavüzə məruz qoyub. Səfər Kavazov ifadəsində bildirib ki, Mədinə ona 18 yaşının olduğunu deyib və fiziki cəhətdən yetkinlik yaşına çatması görüntüsü yaradıb. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Səfər Kavazova 16 il həbs cəzası verilib.

Öldürülən müsavatçı haqda rəsmi məlumat: meyiti basdırılıbmış

Daha bir xüsusilə ağır cinayət isti izlərlə açılıb. Sozcu.az xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb. Cari il may ayının 9-da Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən məktəblərdən birində mühafizəçi işləyən 1964-cü il təvəllüdlü Natiq Mehdi Məhəmməd oğlunun itkin düşməsi barədə məlumat daxil olub. Məlumat əsasında Xətai rayon prokurorluğu və rayon polis idarəsinin əməkdaşları tərəfindən həyata keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Natiq Mehdinin qeyd olunan tarixdə saat 23 radələrində iş yoldaşı 1966-cı il təvəllüdlü İslamov Elsevər Eldar oğlu tərəfindən paytaxtın Xətai rayonu ərazisində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı qəsdən öldürülməsinə və Xəzər rayonu ərazisində basdırılmasına əsaslı şübhələr müəyyən edilib. Natiq Mehdinin meyiti basdırıldığı yer Elsevər İslamovun istintaqa verdiyi ifadə əsasında müəyyən olunaraq prokuror-kriminalistin və ekspert iştirakı çıxarılıb, iş üzrə zəruri ekspertizalar təyin olunmaqla intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir. Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsilə işi başlanıb. Elsevər İslamov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub. Bağlı qalmış cinayət işləri, o cümlədən itkin düşmüş şəxslərin axtarışları daim diqqət mərkəzində saxlanılmaqla onların tapılması, cinayət əməlini törədən şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunması istiqamətində aidiyyəti dövlət qurumları tərəfindən mütəmadi olaraq birgə tədbirlər davam etdirilir. Qeyd edək ki, Natiq Mehdi Müsavat Partiyasının sonuncu qurultayında başqanlığa namizəd olsa da, İsa Qəmbərin namizədliyini irəli sürməsindən sonra geri çəkilib.

Minimum əməkhaqqı nə qədər artacaq? - Açıqlama

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin minimum əməkhaqqının artırılması ilə bağlı təkliflərini hazırlayaraq noyabrın 1-dək təqdim edəcəyi gözlənilir. Minimum əməkhaqqı sonuncu dəfə 2023-cü ilin yanvar ayında artırılaraq 345 manat olub". Sozcu.az xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. Deputat bildirib ki, son 5 ildə minimum əməkhaqqı 2.7 dəfə artırılıb: "Minimum əməkhaqqında yeni artım zamanı iki meyardan istifadə oluna bilər. Ötən müddətdə qeydə alınan inflyasiya səviyyəsi və ya həmin dövrdə nominal orta aylıq əmək haqqındakı artım faizi. 2023-cü ildə inflyasiya səviyyəsi 8.8, orta aylıq əmək haqqındakı artım faizi 11.3 faiz olub. Bununla yanaşı, 2024-cü ildə də həm qiymət artımları, həm də nominal orta aylıq əməkhaqqının dəyişməsi qeydə alınıb. Kumulativ baxıldıqda söhbət daha yüksək rəqəmlərdən getməlidir. Bu o deməkdir ki, 2023 və 2024-cü illər üzrə meyarların orta cəmi nəzərə alınmaqla minimum əmək haqqında daha yüksək artım reallaşa bilər. Yəni, bu halda söhbət iki rəqəmli artımdan gedir. Təbii ki, daha dəqiq rəqəm rəsmi təkliflər təqdim olunduqdan sonra bəlli olacaq. Bununla belə, minimum əmək haqqındakı artımın 700 mindən çox vətəndaşımızı əhatə edəcəyini nəzərə alsaq, artım faizinin əhəmiyyətini təsəvvür etmək çətin olmaz".

Bəzi bölgələrə yağış, Şahdağa qar yağır - FAKTİKİ HAVA

Mayın 13-ü saat 16:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində yağıntılı hava şəraiti davam edir. Sozcu.az Milli Hidrometeorologiya Xidmətinə istinadla xəbər verir ki, Daşkəsən, Gədəbəy, Göygöl, Ağstafa, Balakən, Şəki, Zaqatala, Qax, Oğuz, Qəbələ, Altıağac, Quba, Qusar, Xaltan, Qrız, Şabran, Yevlax, Göyçayda yağış, Şahdağda qar yağır. Şimal-qərb küləyi arabir güclənib, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında, Sabirabadda 17 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.8 metrə çatıb. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 18, Naxçıvan MR-da 20-24, Aran rayonlarında 15-17, dağlıq rayonlarda 7-12 dərəcə isti olub.

Azərbaycana dolu düşdü

Mayın 12-si saat 19:00-a olan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, mayın 12-si saat 19:00-a olan məlumata əsasən, Balakən, Daşkəsən, Gədəbəy, Gəncə, Göygöl, Qusar, Lənkəranda şimşək çaxıb, arabir yağış yağıb. Arabir güclənən şimal-qərb küləyi əsib. Şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 21 m/s, Naftalan, Göyçayda 20 m/s, Goranboyda 19 m/s, Lerikdə 17 m/s-dək güclənib. Saat 16:30 radələrində Tovuz rayonunun Əlibəyli, Hacalı, Yuxarı Öysüzlü, Aşağı Öysüzlü, Qazqulu, Hunanlar kəndlərinə diametri 8-10 mm, saat 17:55-18:00 radələrində Şahdağa 5 mm, Göygöl rayonuna isə saat 18:34-18:47 radələrində 1.9 mm olan dolu düşüb. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 21, Naxçıvan MR-da 25, Aran rayonlarında 29, dağlıq rayonlarda isə 17 dərəcəyədək isti olub.

HƏMAS bunu etsə, sabah atəşkəs olar - Bayden

HƏMAS Qəzzada saxlanılan girovları azad etsə, atəşkəs sabah baş tutar. Sozcu.az xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden deyib. “Dediyim kimi, hər şey HƏMAS-dan asılıdır. Əgər onlar bunu istəsələr, sabah bunu bitirə bilərik və atəşkəs də sabahdan başlayar”, - Bayden bildirib.

Yağış, qar - Faktiki hava

Mayın 11-i saat 9:00-a olan məlumata əsasən əksər rayonlarda şimşək çaxıb, arabir yağış, Şahdağda isə zəif qar yağıb. Bu barədə Sozcu.az -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, düşən yağıntının miqdarı Gədəbəydə 4 mm, Balakəndə 3 mm, Daşkəsən, Sədərəkdə 2 mm, Naxçıvan, Ordubad, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Ağdam, Zaqatala, Şəki, Qax, Quba, Qusar, Cocuqmərcanlı, Tərtər, Yevlax, Beyləqan, Lənkəran, Astarada 1 mm-dək olub. Bakı, Daşkəsən, Naftalan, Gəncə, Şəmkir, Göygöl, Şamaxı, Altıağac, Tərtər, Bərdə, Beyləqan, Lerikdə duman müşahidə olunub. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 24 dərəcəyədək, Naxçıvan MR-da 23-28, Aran rayonlarında 23-26, dağlıq rayonlarda 13 dərəcəyədək isti olub.

Fazil Mustafaya qarşı sui-qəsdə cəhd cinayətinə baxan hakimin halı pisləşdi

Fazil Mustafaya qarşı sui-qəsdə cəhd cinayəti ilə bağlı bu günə təyin edilmiş məhkəmə prosesi keçirilməyib. Sozcu.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, buna səbəb cinayət işini araşdıran hakimlərdən birinin - Kamran Muxtarovun səhhətinin qəfil pisləşməsi olub. Belə ki, hakimin təzyiqi yüksəlib, məhkəməyə təcili yardım briqadası çağırılıb. Həkim müayinəsindən sonra hakimin hələlik işini davam etdirməsi məqbul hesab olunmayıb. Məhkəməyə sədrlik edən hakim Elnur Nuriyev prosesin gələn həftəyə kimi təxirə salındığını elan edib. Qeyd edək ki, millət vəkili Fazil Mustafa ötən ilin martında güllələnib. Dövlət Təhlükəsizliyi Xidməti (DTX) hadisəni terror aktı adlandırıb. Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində terror aktını törətməkdə şübhəli bilinən şəxslər tutularaq istintaqa təhvil verilib. Təqsirləndirilən beş nəfərə - Azər Səricanov, Səbuhi Şirinov, Emin Əliyarov, Rəşad Əhmədov və Elşad Əsgərova qarşı Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham irəli sürülüb.

Bakıda bu küçə və prospekt tam bağlandı

Bakının Ziya Bünyadov prospektində - 20 Yanvar istiqamətində hərəkət tam dayanıb. Sozcu.az xəbər verir ki, prospektə paralel olaraq yan küçə - Əhməd Rəcəbli ilə kəsişmədə də ciddi tıxac var və maşınların hərəkəti tam məhdudlaşıb. Belə ki, Ziya Bünyadov prospektinin köməkçi yolu ilə hərəkət edən marşrut avtobusları işıqfordan sonra hərəkəti davam etdirə bilmirlər, qarşıdakı tıxac buna imkan vermir. Nəticədə yolu tam bağlayan marşrut avtobusları avtomobillərin Əhməd Rəcəbli küçəsinə hərəkətini də bloklayıb. Ziya Bünyadov prospektində 20 Yanvar istiqamətində tam tıxanmanın səbəbi bəlli deyil.