"Bircə o qalıb ki, Zaxarova şəxsən gəlib keşiş Baqratla birgə İrəvandakı aksiyalara qatılsın...”

“Rusiyada etirazçıların kobud zorakılıqla dağıdıldığı, qətlə yetirilən müxalifətçinin dəfn mərasimi polisin qəddar nəzarəti obyektinə çevrildiyi halda digər ölkələrdə müxalifətin sıxışdırılması barədə danışmaq ən azı əxlaqi deyil. Rusiyada müxalifətçi küçədə, həbsxanada öldürülür, zəhərlənir...” "Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova Gürcüstanda və Ermənistanda baş verən daxili siyasi proseslərlə bağlı qiymətləndirməsi zamanə  “polisin kobud güc tətbiq etməsi”ndən “ narahatlıq ” keçirir, Gürcüstanda baş verənləri isə sadəcə “Qərb tərəfindən səs-küy salınması” adlandırır. Zaxarovanın bəyanatları bir daha və qəti şəkildə sübut etdi ki, hazırda Ermənistanda baş verən qondarma müxalifət proseslərinin arxasında kim dayanır və mənim  Zaxarovanın həm siyasi, həm də insani cəhətdən müdafiə etdiyi insanlara yazığım gəlir". Moderator.az xəbər verir ki, politoloq Edqar Arakelyan Arakelyan “Haykakan Jamanak” qəzetinə açıqlamasında belə deyib.  Onun fikrincə, Rusiya Federasiyasının rəsmi nümayəndəsinin Ermənistanda baş verən hadisələrə siyasi qiymət vermək və müxalifətə qarşı repressiyalardan istifadə edildiyini bəyan etmək hüququ yoxdur. Çünki Rusiyanın özündə müxalifət yoxdur,  çünki orada müxalifət ya küçədə, ya da həbsxanada öldürülür.  “Hesab edirəm ki, xanım Zaxarovanın bu cür hadisələr, təzyiqlər, zorakı və ya qeyri-zorakı üsullardan danışmağa da mənəvi haqqı yoxdur” deyən Arakelyanın sözlərinə görə, Zaxarovanın açıqlamaları bir daha sübut edir ki, bu gün guya sərhədin demarkasiyası və ya delimitasiyasına qarşı mübarizə aparmaq üçün çıxan qüvvələri Rusiya Federasiyası yönləndirir və onlara rəhbərlik edir. “Təəssüf ki, Erməni Apostol Kilsəsi baş ruhanisi də digər din xadimləri ilə birlikdə həmin gücün nümayəndələridir. Kilsə bu proseslərə girdiyi üçün siyasi partiyaya çevrilib və bütün bu qiymətləndirmələr kilsəyə verilən siyasi qiymətlərdir. Zaxarovanın bəyanatı Ermənistanın daxili siyasi proseslərinə birbaşa müdaxilədir, bundan sonra yeganə daha birbaşa müdaxilə ola bilər. Yəni bircə o qalıb ki, Zaxarova şəxsən gəlib bu proseslərdə keşiş Baqratla birlikdə iştirak etsin”, - politoloq deyir. Eyni zamanda, Arakelyan qeyd edir ki, Zaxarovanın zorakılıqla bağlı iddialarından asılı olmayaraq, polis müstəsna olaraq qanun çərçivəsində hərəkət edib. “Polisin funksiyası qanun çərçivəsində ictimai asayişi qorumaqdır. Hər ay, iki aydan bir, hətta mövsümi olaraq ölkədə hansısa siyasi eskalasiya ola bilməz, bəziləri çıxıb ölkədə asayişi pozur, yolları bağlayır. Əgər onların ictimai dəstəyi olsaydı, proses başqa məcrada gedəcəkdi. Üstəlik, polis də çox səy göstərmir, bu proses sönükləşib və təbii olaraq sönür. Biz görürük ki, bu gün cəmi bir neçə yüz insan küçələrdə toplaşır və bunu hansısa “xalqın müqəddəs mübarizəsi” adlandırmaq günahdır və reallığa uyğun gəlmir”, - deyə politoloq diqqətə çatdırır.  O, bir daha xatırladır ki, məsələn, Rusiyada hətta plakatda nəsə yazaraq etirazını bildirən şəxsləri həbs edirlər. “Rusiyada etirazçıların kobud zorakılıqla dağıdıldığı, qətlə yetirilən müxalifətçinin dəfn mərasimi polisin qəddar nəzarəti obyektinə çevrildiyi halda digər ölkələrdə müxalifətin sıxışdırılması barədə danışmaq ən azı əxlaqi deyil. Rusiyada müxalifətçi küçədə, həbsxanada öldürülür, zəhərlənir. Nemtsovun nümunəsi, ən sonuncusu, Navalnının nümunəsi və hazırda həbsdə olan, mühacirətdə və ya qaçqın olan bir çox müxalifətçinin nümunəsi ortalıqdadır”,- Arakelyan belə deyib.

ABŞ yardımı: Ukraynada vəziyyət dəyişir

ABŞ-dan Ukraynaya yardımın ayrılması artıq döyüş meydanındakı vəziyyətə təsir edib. Bu, Müdafiə Qüvvələrinə mərmilərin istifadəsini artırmaq imkanı verib. Bunu “Aydar” batalyonunun keçmiş tağım komandiri Yevgeni Dikiy deyib. Qeyd olunur ki, cəbhədə vəziyyət ağır olaraq qalır, lakin ruslar heç bir bölgədə onu yarıb keçə bilməyib: “Artilleriya mərmilərinin və minaların istifadəsinə dair çox ciddi məhdudiyyətlər var idi. İndi bu ehtiyatları istifadə etməyə icazə verildi".

Kürd Əmir, yoxsa “Kür dəymir”? - Adı mübahisə doğuran KÜRDƏMİR

Modern.az saytı adları mübahisə doğuran bəzi rayonlarla bağlı tanınmış şəxslərin rəylərini öyrənməyi qərara alıb. Bu dəfə mövzu ilə bağlı növbəti rayon olaraq Kürdəmiri seçdik.  Kürdəmir sözünün etimologiyası haqqında bir neçə versiya var: Bir ehtimala görə, Kürdəmir "Kür" və "Dəmir" sözlərinin birləşməsindən yaranıb. "Kür" sözü çılğın anlamını, "Dəmir" isə həmin ərazidə məskunlaşmış yeddi obanın başçısının adını daşıyır.  Başqa versiyaya görə, guya rayonun adı Kürd Əmir və ya Qurd Əmir ləqəbli tayfa başçısının adı ilə bağlıdır.  Tarixçi Nazim Tapdıqoğlunun "Kürdəmir rayonunun toponimləri" kitabında isə yazılıb ki, Kürdəmir toponimi “Kürün dəymədiyi yer”, yəni "Kür dəymir" kimi mənalandırılır. Modern.az-ın əməkdaşı mövzu ilə bağlı müxtəlif şəxslərin fikirlərini öyrənib. Rayonu Milli Məclisdə təmsil edən deputat Əminə Ağazadə "Kürdəmir" adı ilə bağlı bir neçə versiyadan danışıb: “Bu ad kürd tayfalarının köçdüyü yer kimi də izah olunur. Ehtimal olunur ki, burada vaxtiylə müəyyən qədər kürd tayfaları yaşayıb.  Kür çayının 35 kilometrliyindən keçdiyinə görə “Kürün dəymədiyi” ifadəsi də var. Rayon camaatının, Kürdəmirlə bağlı araşdırma aparan şəxslərin böyük əksəriyyətinin fikri ondan ibarətdir ki, “Kür dəymir” ifadəsi daha uyğundur. Ancaq konkret olaraq bu versiyalar elmi cəhətdən təsdiqini tapmayıb. Bunlar fərziyələrdir". Əslən Kürdəmirdən olan filologiya elmləri doktoru, professor Vaqif Sultanlı:  “Bölgənin adı ilə bağlı qədimlik elementi əsas faktorlardan biri və ən önəmlisidir. Kürdəmirə gəlincə burada ən qədim elementi çayla bağlıdır. Ən çox üzərində dayanılan versiya “Kür dəymir” mənasıdır.  Başqa mənalara yozmaq cəhdləri olur, ancaq hesab edirəm ki, bu daha məntiqlidir. Rayon Kür çayının kənarında yerləşdiyinə görə, bu ad “Kür dəymir” anlayışına uyğundur. Başqa hansısa formada yozulması fikrimcə, yanlışdır. Bu ad tarixi bir addır, belə də qalmalıdır. Sovet İmperiyası dövründə Azərbaycanın rayonlarına, şəhərlərinə milli tarixlə, bölgənin coğrafiyası ilə əlaqəsi olmayan adlar qoyulmuşdu: Puşkin, Jdanov, Xanlar, İliç, Qasım İsmayılov, Əli Bayramlı və s. Bu rayonların adlarının dəyişdirilməsi o dönəmdə çox zəruri idi. Bəzilərinə çox yaxşı adlar seçildi, daha doğrusu tarixi adları bərpa olundu. Beyləqan, Biləsuvar, Qəbələ adlarının bərpası çox doğru addım idi. Ancaq bəzi yanlış məqamlar da var. Məsələn, Mərəzənin adını dəyişdirib Qobustan qoyublar. Duvannı qəsəbəsinin adı da Qobustandır. İkisi də qəsəbə-şəhər tipindədir. Əli Bayramlının adını Şirvan qoyublar, bu dəyişməlidir. Çünki Şirvan bölgə adıdır. Bölgənin adını şəhərə qoymaq çox uyğunsuz və yanlış addımdır”. Kürdəmirdən olan hərbi ekspert Ədalət Verdiyev də rayonun adının hardan gəldiyi ilə bağlı fikirlərini bölüşüb: "“Kürdəmir" sözünün mənbəyinə aid müxtəlif versiyalar mövcuddur. Ancaq həm mütəxəssislərin, həm də real hadisələr fonunda "Kürdəmir" sözünün “Kürün dəymədiyi” ərazi fərziyyəsi özünü daha qabarıq şəkildə göstərir. Mənim də xatırlayıram ki, uşaq vaxtlarımda və ondan sonrakı dövrdə Kür çayının daşması ilə rastlaşmışıq, lakin bu proseslər, fəlakətlər zamanı heç vaxt Kür daşqınları Kürdəmir rayonu ərazisinə qədər gəlib çıxmamışdı. Ona görə real hadisələrin əsasında “Kürün dəymədiyi yer “ ifadəsi daha doğrudur”.

İranın yalanı ifşa oldu: Hanı ölən diplomatlar?

1 apreldə İsrailin dəqiq zərbələrlə Dəməşqdəki İran konsulluq binasını vurması barədə Tehranın yaydığı məlumat elə həmin gün İsrail Teleqram kanalları vasitəsilə təkzib olundu. Sozcu.az xəbər verir ki, qısa müddət sonra İsrail rəsmiləri də İranın səfirlik və ya konsulluq binasına hücum edilmədiyi, SEPAH-ın qərargah kimi istifadə etdiyi binanın hədəf alındığını açıqladı. Əslində, İsrail haranı vurub? 1 apreldə, zərbədən dərhal sonra İranın Suriyadakı səfiri Hüseyn Əkbəri açıqlama verərək, İsrailin F-35-lərdən atdığı 5 raketlə İran səfirliyinin yanında yerləşən konsulluq binasını darmadağın etdiyi, nəticədə iranlı diplomatların öldüyünü açıqladı. İran səfiri SEPAH zabitlərinin ölümü ilə bağlı bircə kəlmə də demədi, yalnız iranlı diplomatların ölümündən bəhs etdi. Saylarına gəldikdə isə bildirdi ki, 5-7 adamın öldüyünü təxmin edirlər, dəqiq rəqəm dağıntılar tam təmizləndikdən sonra üzə çıxacaq. Ancaq aradan iki gün keçməsinə baxmayaraq, İran ölən diplomatlarından birinin də adını açıqlamayıb. Məgər iki gündür dağıntıları təmizləmək mümkün olmayıb, yoxsa diplomatları sayıb, kimin “yoxa çıxdığını” tapa bilmirlər? Əvəzində isə dini liderləri Xamenei də daxil olmaqla, SEPAH-ın iki generalı və 5 yüksək rütbəli zabitinin – müşavirlərin ölümü təsdiqlənib və onların adı da açıqlanıb. Maraqlıdır: SEPAH hücumdan dərhal sonra ölən generallarının və zabitlərinin adını, rütbəsini elan edə bilir, İran səfirliyi ölən diplomatlarının sayını və kimliklərini iki gündür tapa bilmir? Heç “itkin düşənlər” haqda da məlumat yoxdur. Ümumiyyətlə, səfir xaricində İran rəsmiləri diplomatların ölümü haqda niyə danışmırlar? Ona görə də sual yaranır: Konsulluq binası vurulursa, niyə ölənlər SEPAH generalları və zabitləridir? Necə ola bilər ki, konsulluq binası yerlə-yeksan edilir, ancaq bir diplomatın da burnu qanamır? Anlaşılan odur ki, İran və Kanada səfirliyinin ortasında yerləşən və “İran konsulluğu” adı altında fəaliyyət göstərən bina həqiqətən SEPAH-ın istifadə etdiyi qərargah olub. İsrail bu maskalanmış-gizlədilmiş qərargahı aşkarladıqdan sonra isə idealcasına dəqiq zərbə endirib. Elə bir zərbə ki, bunun nəticəsində nə İran səfirliyinin əməkdaşları ziyan görüb, nə də Kanada. Hətta zərbə istiqaməti də o qədər dəqiq seçilib ki, dağıdılan binanın “dalğası” yalnız İran səfirliyinin binasına ziyan verib, Kanada səfirliyinə isə “toz da qonmayıb”. Beləliklə, İranın “Konsulluq binası vurulub” təbliğatı özünü doğrultmur. O ki qaldı İranın öz diplomatlarının ölümünü qəsdən gizlətməsi haqda versiyaya, bu, inandırıcı deyil. Əlbəttə, diplomatların ölümü artıq İranın dərhal cavab zərbəsi endirməsini vacib edir. SEPAH zabitlərinin ölümü isə “hərbi qarşıdurmadır”, İrana hücum sayılmır və bunun qisası “üçüncü ölkələrdə” nə vaxtsa verilə bilər. Digər tərəfdən, diplomatların ölümünü açıqlanmaqla Tehran İsrailin konsulluğa hücum etmədiyi arqumentini gücləndirir - birbaşa konflikdən qaçmaq məqsədi ilə. Ancaq bu ehtimal, dediyimiz kimi, çox cüzidir: çünki hansısa diplomatı ölsəydi, İran bundan beynəlxalq miqyasda İsrailin cinayətkar hücumunu ifşa etmək üçün istifadə edə bilərdi. Əvəzində isə İranın “konsulluğa hücum edilib” tezisini davam etdirməyə çalışdığı, əvəzində isə SEPAH zabitlərindən başqa ortaya “meyit qoya bilməməsinə” şahid oluruq. Demək, binanın SEPAH qərargahı olması dəqiqdir!axar)

RUSİYA İSLAM ÖLKƏLƏRİ İLƏ QARŞILIQLI FƏALİYYƏTİNİ GENİŞLƏNDİRİR VƏ REGİONLAR ÜÇÜN YENİ İMKANLAR AÇIR

.Tərəfdaş dövlətlər halal standartlarına uyğun olan Rusiya məhsullarının ixracını artıra bilər və Rusiya Federasiyasının bölgələrində tikintiyə sərfəli investisiya edə bilər. Martın 5-də İslam əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin səfirləri ilə görüşdə "Rusiya – İslam dünyası" Strateji Baxış qrupunun rəhbəri Rüstəm Minnixanov yeni əməkdaşlıq imkanlarından danışıb. "Rusiyanın aparıcı regionlarından biri olan Tatarıstan Respublikasının timsalında Rusiyanın İslam dünyası ilə qarşılıqlı fəaliyyətini necə genişləndirdiyinin şahidi olmaq olar. Respublikamız Rusiyada İslam bankçılığı və maliyyələşdirmə prinsiplərinin tətbiqi üzrə pilot regionlardan biridir, Halal sənayesinin inkişafı istiqamətində fəal işlər görülür, İslam təhsilinə böyük diqqət yetirilir", — deyə Rüstəm Minnixanov əməkdaşlığın perspektivli istiqamətləri barədə məlumat verib. Bu il Forumun proqramında hökumətlərarası komissiyaların, həmçinin "Rusiya-Azərbaycan", "Rusiya — Malayziya", "Rusiya-Qətər" ayrı-ayrı dəyirmi masaların keçirilməsi nəzərdə tutulub. İqtisadi nailiyyətlər sərgisində Azərbaycan, İran, Misir, Türkiyə Respublikası, İndoneziya, Malayziya, Türkmənistan və s. stendləri təqdim olunacaq. Əsas mövzular halal sənaye, İslam maliyyəsi, nəqliyyat dəhlizlərinin inkişafı və təhsil sahəsini əhatə edəcək. Turizm, o cümlədən müalicə turizmi mövzusu da ətraflı müzakirə olunacaq. Mədəniyyət məsələləri üzrə proqram da genişləndirilib: rəqəmsal İslam incəsənəti, yaradıcı iqtisadiyyat və kino sənayesi üzrə ayrı-ayrı tədbirlər keçiriləcək. Vacib mövzu idmanın inkişafı olacaq. Ticarət və Sənaye Palatasının beynəlxalq forumu İslam ölkələrinin biznes nümayəndələrini bir araya gətirəcək.

ABŞ Rusiya-İran hərbi-texniki əməkdaşlığın genişləndirilməsi ilə bağlı sanksiyalar tətbiq edə bilər

ABŞ Rusiya ilə İran arasında hərbi-texniki əməkdaşlığın genişləndirilməsi ilə əlaqədar sanksiyaların tətbiqi imkanlarını nəzərdən keçirir. Sozcu.az-ın məlumatına görə, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi brifinqdə bildirib. "Biz tez və koordinasiyalı şəkildə, o cümlədən İrana qarşı yeni və əhəmiyyətli tədbirlərlə cavab verməyə hazırıq. Bir sıra variantları nəzərdən keçiririk, onlar arasında əlavə sanksiyalar da olacaq", - o, deyib. Kirbi əvvəllər İranın ballistik raketləri və əlaqəli texnologiyaları Rusiyaya ötürməyi nəzərdən keçirməsindən hədsiz narahatlığını ifadə edib.

Bizə fransız döyüşçülər lazım deyil - Zelenski

Ukrayna hazırda NATO üzvü deyil və hazırki mərhələdə fransız döyüşçülərinə ehtiyacı yoxdur. Sozcu.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski xarici jurnalistlərin suallarını cavablandırarkən deyib. “Ukrayna dayandıqca, Fransa ordusu öz ərazisində qala bilər. Əgər Rusiya hansısa NATO ölkəsi ilə münaqişəyə girərsə, sizin övladlarınız NATO ölkələrindən birinə göndərilə bilər, amma bu başqa məsələ olacaq”, - Zelenski qeyd edib.

Rus strateqlər NATO-nun raket zərbələri qarşısında Rusiyanın aciz qalacağını etiraf etdi...

Rusiyadan olan analitiklər və siyasi ekspertlər NATO-nun Rusiya Federasiyasına mümkün təcavüzü ssenarisini nəzərdən keçirdikdən sonra  etiraf ediblər ki, Rusiya NATO-nun kütləvi raket zərbələri baş verəcəyi təqdirdə onları dəf etməyə hazır deyil. Sozcu.az xəbər verir ki, bu barədə Amerikanın “Business Insider” nəşri məlumat yayıb. Bundan əvvəl Rusiya KİV-ində “ehtimal olunan düşmənin” Rusiyanın mühüm obyektlərinə güclü raket zərbələri endirməsinin hipotetik ssenarisini araşdıran araşdırmalar meydana çıxıb. Sadə dillə desək, NATO qoşunları Rusiya terrorçularının Ukraynaya hücumunda istifadə etdikləri taktikadan istifadə edirlər. Və rusiyalı “ekspertlər” belə bir ssenarinin Rusiya üçün fəlakətlə nəticələnəcəyi ilə razılaşırlar. Araşdırmada qeyd edilir ki, NATO-nun tətbiq etdiyi kütləvi zərbələr strategiyası Rusiyanı cavab olaraq nüvə silahından istifadə etməyə məcbur edə bilər. Məqalənin sonunda müəlliflər Rusiya Aerokosmik Qüvvələrinin missiyalarını və avadanlıqlarını genişləndirməyi tövsiyə edirlər. Xüsusilə, rusiyalı mütəxəssislər daha təkmil pilotsuz uçuş aparatlarının və digər silah növlərinin (ehtimal ki, süni intellektdən istifadə etməklə) hazırlanmasını tələb edirlər. Rusiyalı analitiklərin məqaləsini şərh edən "Business Insider" onun peyda olmasını NATO ölkələrinin “Şimal reaksiyası 2024” adlı irimiqyaslı hərbi təlimlərə başlaması ilə əlaqələndirir. Norveç, İsveç və Finlandiyada keçirilən 11 günlük təlimdə 20 mindən çox hərbçi, 50 gəmi və 100 təyyarə iştirak edir. Bu hərbi manevrlər daha böyük “Steadfast Defender 24” təliminin bir hissəsi kimi keçirilir.

"Putinin oxşarı onunla birgə Valdayda yaşayır...-Əsil Putini yalnız böyük oğlu tanıyır...”-Qordon

Həm Dmitri Qordon, həm də Mark Feyqin əmindirlər ki, Putinin internetdə iddia edildiyi kimi çox deyil, cəmi bir dublyoru var... Təcavüzkar ölkənin başçısı Putinin oxşarı var, amma o, ictimai tədbirlərdə diktatoru əvəz etmir. Sozcu.az “TSN”-ə istinadla  xəbər verir ki, bu fikri rusiyalı hüquq müdafiəçisi və bloqçu Mark Feyqin ukraynalı jurnalist Dmitri Qordonla söhbətində ifadə edib. “Razıyam ki, operativ qeyri-ictimai dublyorlar var. Onlar Putinin yanındadırlar, onun üçün tez bir növ təhlükəsiz məkan yaratmaq üçün lazımdırlar. Çünki birinə qarşı sui-qəsd cəhdi ola bilər, bu halda digəri qalacaq. Hər şeyi qarışdırmaq üçün: oxşarlar olanda kimi öldürmək seçimi yaranır. Onlar (Putinin ətrafı – red.) paranoya şəklində təhlükə hiss edirlər”, – Feyqin deyir. Hüquq müdafiəçisi hesab edir ki, Putini ictimaiyyət qarşısında təmsil etmək və onu əvəz etmək üçün dublyorlara ehtiyacı yoxdur, çünki bu, çox təhlükəlidir. "Çünki Putini müxtəlif ekspertlər, kəşfiyyat icmaları, fizioqnomiyadan anlayan insanlar izləyir. Ona görə də bir mütəxəssisin belə əvəzləməni görməməsi çox çətindir. Başqasın təmsil etmək üçün səsin tembrindən tutmuş  gözlərin forması və s. qədər minlərlə parametr mövcuddur. Əlbəttə ki, indi müasir texnologiyaların köməyi ilə bunu təkrar etmək mümkündür. Amma düşüncə tərzini nitq vasitəsilə çatdırmaq çox çətindir. Bu hələ də mümkün olsaydı, biz bu barədə sonradan, hər şey bitəndən sonra biləcəyik.  Məsələn, Mariupolda Putinin əvəzinə çıxış edənin dublyor olması təsdiqlənərsə, mən çox təəccüblənəcəyəm. İndiyə qədər bütün faktlar göstərir ki, dublyorlar var, lakin bunlar operativ dublyorlardır və Putini açıq şəkildə əvəz etmir. Öz növbəsində Dmitri Qordon qeyd edib ki, onun məlumatına görə, Putinin faktiki ailəsi ilə (yəni onun məşuqəsi Alina Kabaeva və onların övladları ilə) yanaşı, diktatorun oxşarı da Valdayda yaşayır. "Yeganə dublyor. Çoxlu plastik əməliyyat etdirmiş adamdır. O, əslində Putinin yanında yaşayır, onu müşahidə edır, onunla ünsiyyət qurur, bəzi vərdişləri götürür. Onları ayırd etmək demək olar ki, mümkün deyil. Deyirlər ki, yalnız böyük oğlu İvan əsil Putini fərqləndirir”, - deyə Qordon diqqətə çatdırıb.

Fransa komandosları Ukraynaya göndərir? - Monde

Fransa Rusiya Federasiyasını “strateji dilemma” qarşısında qoymaq üçün xüsusi təyinatlıların və digər hərbi birləşmələrin Ukrayna sərhədini keçməsinə icazə verməyi nəzərdən keçirir. Sozcu.az xəbər verir ki, bu barədə “Monde” qəzeti mənbələrə istinadən yazıb. Qeyd edək ki, Fransa Prezidenti Makron Ukraynaya Avropa qoşunlarının göndərilə biləcəyini istisna etməyib. Avropa ölkələrinin əksəriyyəti, o cümlədən Fransa XİN başçısı Sejurne isə belə bir niyyət olmadığını açıqlayıb. Buna baxmayaraq, Makron sözlərinin “ölçülüb-biçilmiş, düşünülmüş və təsdiqlənmiş” olduğunu xüsusi vurğulayıb.

Ukrayna müharibəsi ilə bağlı dəhşət - 587 uşaq, minlərlə qadın...

BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığı Rusiyanın hücuma başlamasının ikinci ildönümü münasibətilə Ukraynadakı vəziyyətlə bağlı hesabat dərc edib. Sozcu.az xəbər verir ki, hesabat qurumun saytında yerləşdirilib. Təşkilatın məlumatına görə, 2022-ci il fevralın 24-dən bəri Ukraynada azı 10 582 mülki şəxs həlak olub, daha 19 875 nəfər yaralanıb. BMT-nin məlumatına görə, müharibə başlayandan indiyədək 5017 kişi, 3093 qadın ölüb, daha 1885 qurbanın cinsiyyəti müəyyən olunmayıb. Onlardan ən azı 587 nəfəri uşaqdır.  Müharibə zamanı 6524 qadın, 4546 kişi və cinsiyyəti hələ müəyyən edilməmiş 7507 nəfər yaralanıb. Mülki itkilərin böyük əksəriyyəti (91%) partlayıcı silahların istifadəsi ilə bağlıdır. İtkilərin 3,7%-i mina partlayışları ilə əlaqədar olub. Hesabatda qeyd olunur ki, ən çox ölüm və yaralananlar müharibənin ilk bir neçə ayında müşahidə olunub, sonra isə onların sayı azalmağa başlayıb. 2023-cü ildə orta hesabla ayda 163 dinc sakin həlak olub, 547 nəfər yaralanıb.

Qərb Navalnının ölümünə görə hərəkətə keçir

ABŞ rusiyalı müxalif lider Aleksey Navalnının ölümündən sonra Rusiyaya qarşı əlavə sanksiyaların tətbiqi imkanını nəzərdən keçirir. Sozcu.az xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden bildirib. “Artıq sanksiyalarımız var, lakin biz əlavə sanksiyaların mümkünlüyünü nəzərdən keçiririk”, - o qeyd edib. Eyni zamanda, Bayden bu hadisənin Konqresin respublikaçı nümayəndlərinin Ukraynaya yardımın ayrılması ilə bağlı qərarına təsir edəcəyinə ümid etdiyini vurğulayıb. Almaniya da Aleksey Navalnının ölümü ilə əlaqədar Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi təklifi ilə çıxış edəcək. Almaniya xarici işlər naziri Annalena Berbok Navalnının həyat yoldaşı Yuliya Navalnayanın da iştirak etdiyi Avropa Birliyi ölkələrinin XİN başçılarının görüşündən əvvəl belə bir bəyanatla çıxış edib. “Rusiya prezidenti Ukraynaya qarşı etdiyi vəhşiliyi öz ölkəsinin azadlığına qarşı da edir. Aleksey Navalnının ölümü bizi təkcə narahat etmir, biz həm də yeni sanksiyalara başlayacağıq”, - Berbok bildirib.