10 gündür öz sərhədçilərimiz keşik çəkir - Paşinyan

Azərbaycan demarkasiya prosesini bu dəfə tətbiq edilən formatda, bu  alqoritmlə davam etdirməyə meyllidir. Sozcu.az xəbər verir ki, bunu Ermənistan hökumətinin mayın 16-da keçirilən iclasında Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan deyib. Öz növbəsində, Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, yaxın 8-10 gün ərzində qəbul edilmiş qərarların icrası məsələsini həll edilməlidir: “Artıq 10 gündür ki, Ermənistan Respublikasının sərhəd qoşunları Bağanis-Voskepar bölməsində xidmət edir. Yəni sərhəd dirəkləri quraşdırılan andan sərhəd qoşunları yeridilib. Hazırda ərazi daimi xidmət üçün öyrənilir. Bu proses digər sahələrdə də baş verəcək”, - deyə baş nazir fikrini yekunlaşdırıb.

İrəvanda ilk: Ermənistan və Hindistan nümayəndələri...

İrəvanda Ermənistanla Hindistan arasında müdafiə sahəsi ilə bağlı ilk məsləhətləşmələr keçirilib. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin məlumatında deyilir. Bildirilib ki, görüşdə Ermənistan Müdafiə Nazirliyinin Müdafiə Siyasəti və Beynəlxalq Əməkdaşlıq Departamentinin rəhbəri Levon Ayvazyan və Hindistan Müdafiə Nazirliyinin beynəlxalq əməkdaşlıq üzrə katibi Şri Vişveşa Negi iştirak edib. Görüşdə Ermənistan və Hindistan nümayəndələri müdafiə sahəsində əməkdaşlığı müzakirə ediblər. Əsas diqqət hərbi-texniki tərəfdaşlıq, hərbi təhsil, şəxsi heyətin taktiki hazırlığı, eləcə də ölkələr arasında təcrübə mübadiləsi məsələlərinə yönəldilib. Xatırladaq ki, Ermənistan son 2 ildə Hindistanla yüz milyonlarla dollar dəyərində hərbi sazişlər bağlayıb. Müqavilələr çərçivəsində haubitsa, MLRS sistemləri, döyüş sursatları və s. tədarük edilib və ya tədarükü planlaşdırılır.

Qusarda meşə ərazisi bələdiyyəyə qanunsuz verilib – Rəsmi

Qusarda ekoloji hüquqpozmalar və digər qanunsuzluqlarla bağlı cinayət işi başlanıb. Bu barədə Sozcu.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Qeyd olunub ki, Qusar rayonunda ağacların qanunsuz kəsilməsi barədə daxil olmuş məlumatlar əsasında Baş Prokurorluqda araşdırma aparılıb. Araşdırmalarla vəzifəli şəxslər tərəfindən səlahiyyətlərindən sui-istifadə edilərək çoxillik ağaclarla əhatə olunmuş meşə fonduna aid 22,3 hektar (ha) torpaq sahəsinin təyinatının əsassız şəkildə dəyişdirilib yaşayış məntəqələrinin torpaqları kimi Qusar şəhər bələdiyyəsinin balansına verilməsinə, meşə fondunun ziyan və itkisinin natamam və qeyri-dəqiq hesablanmasına, vəzifə saxtakarlığına yol verilərək torpaq sahəsinin qanunsuz olaraq müxtəlif vətəndaşlara satılmasına, habelə torpaq sahələrində müxtəlif diametrli və cinsli ağacların qanunsuz kəsilməsi nəticəsində təbiətə külli miqdarda ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib. Qeyd olunanlar hadisə yerinə baxış və istintaq hərəkəti protokolları, fotoşəkillər, videgörüntülər, müxtəlif dövlət qurumlarının rəyləri, izahatlar və toplanmış digər sənədlərlə təsdiq olunub. Toplanmış material əsasında Cinayət Məcəlləsinin 259.2.4 (külli miqdarda ziyan vurmaqla qanunsuz ağac kəsmə) və 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 313 (vəzifə saxtakarlığı) və 314.2-ci (səhlənkarlıq ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işinin başlanıb və ibtidai istintaqın aparılması Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə tapşırılıb.

Günü-gündən kriminallaşan məktəb: "Səbəb sosial şəbəkələrdir" - Açıqlama

“Elə bir ay olmur ki, hansısa məktəbin şagirdləri arasında dava düşməsi, kiminsə bıçaqlanması (bəzən bu hadisələr ölümlə nəticələnir) barədə məlumatlar yayılmasın. Hər dəfə də səbəbləri araşdırmaq əvəzinə, nəticəni qabardırıq. Halbuki, sözügedən nəticələr bir çox hallarda təkcə məktəblə deyil, bilavasitə valideyn etinasızlığı, ailə-məişət problemləri, sosial şəbəkələrdəki mənfi trendlərlə bağlı olur”. Sozcu.az xəbər verir ki, bunu Bakupost.az -a açıqlamasında təhsil üzrə ekspert Nadir İsrafilov məktəblərdə şagirdlər arasında baş verən münaqişələr haqda danışarkən deyib. O qeyd edib ki, bəzi yeniyetmə və gənclərin naqisliklərini məktəbin obrazında ümumiləşdirmək ədalətsizlik olardı: "Elə götürək, son olaraq Tərtərdə iki məktəbli arasında düşən davada onlardan birinin ölümü ilə nəticələnən hadisəni. Araşdırma aparılmadan konkret fikir bildirmək yanlışlıqlara yol aça bilər. Bunun üçün hüquq-mühafizə orqanları, digər səlahiyyətli qurumlar var. Mübahisə hansı zəmində baş verib, valideyn hara baxıb, sinif rəhbəri bundan niyə vaxtında xəbər tutmayıb?”. Ekspert baş verən neqativ hadisələrə sosial şəbəkələrin səbəb olduğunu bildirib: “Ümumiyyətlə, bu kimi məsələlərə şəxsi mülahizələr, hansısa ehtimallar əsasında yanaşmağı düzgün hesab etmirəm. Təkcə onu deyə bilərəm ki, məktəblərdə baş verən bütün neqativ hadisələrin əsas və başlıca səbəbkarı sosial şəbəkələrdir. Nə qədər ki, bu istiqamətdə radikal addımlar atılmayacaq belə halların baş verməsi qaçılmaz olacaq. Buna görə də araşdırmanın aparılması, hadisə ilə bağlı ictimaiyyətin məlumatlandırılmasında operativlik və mobillik təmin olunmalıdır. Nəticə ilə bağlı istənilən ləngimələr cəmiyyət tərəfindən birmənalı qarşılanmır, ictimaiyyətin bu mövzuda daha həssas davranmasında ikitirəlik yaranır, müxtəlif yorumlara yol açılır”.

Uşaqlar dərsə gəlmir, direktora pul verirlər - Müəllim

30 ildən çoxdur ki, ibtidai sinif müəllimi işləyirəm. Amma hazırda işlədiyim Sabunçu rayon, Bakıxanov qəsəbə ünvanında yerləşən 271 saylı tam orta məktəbin direktoru məni həyatımdan bezdirib. 2021-ci ildə müəllimlərin sertifikasiya imtahanında keçid balını yığa bilməmişdim, amma 29 avqust 2023-cü il tarixdə keçirilən imtahanda 40 imtahan və 21 müsahibə balı olmaqla cəmi 61 bal toplamışam. Buna baxmayaraq, neçə ildir Sabunçu rayon 271 saylı məktəbin direktoru Səbinə Qasımova mənə ibtidai sinif vermir və mən yalnız ibtidai siniflərə musiqi və texnologiya fənlərini tədris edirəm. Bu sözləri Axar.az-a şikayətində 271 saylı tam orta məktəbin müəllimi Səltənət Zahid qızı Bağırova deyib. “Məktəbimizin direktoru özünü məktəbə, pedaqoqa yaraşmayan tərzdə aparır, müəllimlər arasında ayrı-seçkilik salır, imkan düşdükcə məni, müəllimləri və digər işçiləri təhqir edir, aşağılayır. Hətta mənə bildirir ki, sənə sinif verməyəcəm, hara gedirsən get, kimə istəyirsən şikayət et, mən heç kimdən qorxmuram. Son günlər isə məni müxtəlif bəhanələrlə işdən qovacağı ilə hədələyir. Uzun müddətdir direktordan öz haqqımı tələb edirəm, amma təəssüflər olsun, mənim tələbimin heç biri təmin edilməyib. Əksinə, daim direktor tərəfindən şantaj olunur və basqıya məruz qalıram”, - şikayətçi bildirib. S.Bağırova məktəbdə biabırçılıqların baş verdiyini qeyd edib: “Məktəbi bir dəfə yoxlasalar, görərlər ki, necə biabırçılıqlar baş verir. 271 saylı məktəbin 10 və 11-ci sinif şagirdləri dərsə gəlmir, dərs saatlarının pulunu da müəllimlərlə direktor öz aralarında bölür. Bundan başqa, məktəbimizdə 7-ci saatın dərsləri də keçirilmir, məşğələlər olmur, direktor sözügedən dərs saatlarını münasib bildiyi müəllimlərin adına yazır və sonradan dərs saatlarına ödənilən pulları ona geri verirlər. Məktəbimizdə bağban ştatı var, amma maaşını direktor alır. Ayşən və Sevər adlı şəxslər də ştat cədvəlində xadimə kimi müqavilə bağlayıblar, sadəcə, faktiki olaraq laborant işləyirlər. Müəllimlərin sertifikasiyasından keçməyən dörd nəfər ibtidai sinif müəllimi iki aklad sinif aparırlar, mənə isə normal dərs saatı belə verilmir”. Müəllim hətta məktəbi Sicilya mafiyasına bənzərdib: “271 nömrəli məktəbdə Siciliya mafiyasına bənzər mafiya yaradılıb. Qocaman və daha təcrübəli Ofeliya Arazova gənc direktor Səbinə Qasımovanı tam idarə edir, kiminlə necə danışmaq, kimi sıxışdırmaq olar, hamısını o həll edir. Bir sözlə, mafiyanın başçısı Ofeliya Əkrəm qızı Arazovadır”. Onun sözlərinə görə, direktor başqa müəllimləri də hədələyir, amma işdən çıxarılma təhlükəsinə görə hamı qorxusundan susur: “Məktəbimizin müəllimlərinin tən yarısı direktor Səbinə Məmmədağa qızı Qasımovanın onlara münasibətindən çox narazıdırlar, bütün bunları onlar ikilikdə mənə etiraf edirlər və bildirirlər ki, işlərini itirəcəklərindən qorxduqları üçün susurlar. Ən dəhşətlisi isə odur ki, direktor ibtidai sinif müəllimələrindən birini evində nökər kimi işlədir, bunu da ərazidə hamı bilir. Onu da əlavə edim ki, direktor və müavini məni intihar həddinə çatdırıblar”. Qeyd edək ki, məsələ ilə bağlı 271 saylı tam orta məktəbin direktoru Səbinə Qasımova ilə əlaqə saxladıq. Direktor iddiaları təkzib etdi və bildirdi ki, Səltənət Zahid qızı Bağırova Bakı şəhəri üzrə Təhsil İdarəsinə müraciət etməlidir.

Mirzoyan və Kuleba delimitasiyanı müzakirə etdi

Ermənistan və Ukrayna xarici işlər nazirləri – Ararat Mirzoyan və Dmitri Kuleba arasında telefon danışığı baş tutub. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan XİN-in məlumatında deyilir. Tərəflər Cənubi Qafqazdakı vəziyyəti və Bakı və İrəvan arasındakı danışıqlar prosesini müzakirə ediblər. Söhbət zamanı Mirzoyan Cənubi Qafqazda davamlı sülh və sabitliyə nail olmaq üçün səy göstərildiyini vurğulayaraq, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılmasının, xüsusilə delimitasiya prosesində ərazi bütövlüyü prinsipinə qeyd-şərtsiz hörmət edilməsinin vacibliyini qeyd edib.

Ukrayna Bakı-İrəvan razılaşmasını alqışladı

Ukrayna Xarici İşlər Nazirliyi 1991-ci il Almatı Bəyannaməsi əsasında dövlətlərarası sərhədin delimitasiyası ilə bağlı Azərbaycan və Ermənistan arasında əldə edilmiş razılaşmaları alqışlayır. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin bəyanatında deyilib. “Azərbaycan və Ermənistan arasında dövlət suverenliyinə hörmət, ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığının tanınması, ziddiyyətlərin sülh yolu ilə həlli, güc tətbiq etməkdən və ya güc təhdidindən imtina etmək əsasında sərhədin delimitasiyası ölkələr arasında münasibətlərin normallaşması və regionda sabitlik və təhlükəsizliyin təmin edilməsinin zəruri şərtidir”, – sənəddə diqqətə çatdırılıb. “Biz tərəflərin əldə etdiyi razılaşmaların praktiki olaraq uğurla həyata keçirilməsinə ümid edirik”, - bəyanatda vurğulanıb.

Erməni prezident sərhədlərin delimitasiyasından danışdı: “Vaxt yetişib”

Ermənistan prezidenti Vaaqn Xaçaturyan bildirib ki, Ermənistanla Azərbaycan arasında Tavuş vilayətində həyata keçirilən sərhəd delimitasiyası rəsmi İərvanın regionda davamlı sülh istəyinə yönəlib. Sozcu.az xəbər verir ki, Vaaqn Xaçaturyan “Armenpress” və “Şant” telekanalı ilə söhbətində bu mövzuya toxunub. “Voskepar, Bağanis, Kirants və Berkaber kəndlərinin yaxınlığında baş verən proseslər ilk növbədə Ermənistanla Azərbaycan arasında sərhədlərin dəqiqləşdirilməsinə yönəlib. Nəhayət, dərk etməliyik ki, əgər dövlət varsa, onun sərhədləri olmalıdır və bu dövlətin gələcəyi onun qonşuları ilə sərhədlərinin nə dərəcədə dəqiqləşdirilməsindən asılı olacaq. Əks halda, təhlükə həmişə var və bu təhlükə zərərsizləşdirilməlidir”, - deyə prezident bildirib. Xaçaturyan qeyd edib ki, bir çox hallarda hakimiyyət delimitasiya zonasında yerləşən kəndlərin sakinlərinə danışıqlar prosesinin təfərrüatlarını təqdim edə bilmir, çünki bu, yekun qərara mane ola bilər. “Amma mən əmin edirəm və inanıram ki, biz baş verən hadisələrə daha çox maraqlı və məsuliyyətliyik. Bizim üçün ən vacibi isə bu kəndlərdə yaşayan insanların təhlükəsizliyini təmin etməkdir”, - prezident vurğulayıb. O əlavə edib ki, Ermənistan Respublikasının vətəndaşı kimi hökumətin hərəkətlərini cəsarətli hesab edir. “Təəssüflər olsun ki, biz problemi gələcəyə buraxırdıq və hətta bunu bir neçə dəfə açıq şəkildə bəyan etmişik. Qarabağ probleminə gəlincə, məlum tezis var idi: daha 100 il belə yaşaya bilərik. Gördük ki, 100 il belə yaşamaq qeyri-mümkündür, çünki zaman və situasiya dəyişir, bu gün nə etmək olarsa, sabah onu edə bilmərik. Təhdidləri vaxtında aradan qaldırmağı bacarmaq lazımdır. İndi vaxt yetişib və biz bu istiqamətdə gedəcəyik”, - deyən prezident hökumətin fəaliyyətini alqışlayıb. Vaaqn Xaçaturyan Ermənistan vətəndaşlarını hakimiyyətin hərəkətlərinə etibar etməyə və bir çox hallarda onların hissləri ilə oynamaq məqsədi daşıyan, bir damla həqiqəti özündə əks etdirməyən təxribatlara uymamağa çağırıb.

Baş prokuror Köçəryana məxsus əmlakın müsadirəsini TƏLƏB ETDİ

Ermənistan Respublikasının baş prokuroru Anna Vardapetyan eks-prezident Robert Köçəryanın və onunla əlaqəli 7 nəfərə məxsus 25 vahid daşınmaz əmlakın Ermənistanın xeyrinə müsadirə edilməsini tələb edib. Sozcu.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, baş prokuror həmçinin Köçəryanın 5 avtomobilinin, 16 erməni və xarici hüquqi şəxsdə iştirak payının, 4 milyon dollardan çox depozit qiymətli kağızlarının müsadirə olunmasını istəyib. Tələb Köçəryanın etirazına səbəb olsa da, məsələyə tezliklə baxılıb qərar veriləcək.

Azərbaycanda TikTok ləğv edilir? - Gözlənilməz qərar

ABŞ-da TikTok platforması bağlanıb. Bu şəbəkənin Azərbaycanda da bağlanması çağırışlarına vaxtaşırı rast gəlinir. İctimaiyyət orada yerli tiktokçuların əxlaqa zidd hərəkət etdiyini bildirir və narazılıq edir. İndiyə kimi bir neçə tiktoker sutkalıq həbs edilib. Onlar qanunsuz çağırışlar etdikləri və əxlaqsız davranışlara yol verdikləri üçün hüquqi şəkildə cəzalandırılıblar.  Yeri gəlmişkən, Sosial Tədqiqatlar Mərkəzinin keçirdiyi son sorğularından birində respondentlərin 75 faizi bu sosial şəbəkə platformasının qapadılmasına razı olduğunu bildirib. Mövzunu Globalinfo.az-a şərh edən Ovqat.com saytının baş redaktoru Heydər Oğuz deyib ki, müasir çağımızda sosial şəbəkələr ən dağıdıcı silah hesab olunurlar. Onun sözlərinə görə, böyük dövlətlər bu şəbəkələr vasitəsilə insanın fitrətindən gələn ünsiyyət ehtiyacından və basdırılmış güclərindən faydalanıb, öz təsir dairələrini yaradırlar: “Bu mənada nəzarət altına ala bilmədiyin istənilən sosial şəbəkə dövlətlərin milli təhlükəsizlik probleminə çevrilə bilər. Düşmən dövlətlər həmin silahla sənin ölkənin insanlarını özünə qarşı qaldırar, böyük dağıntılara yol aça, nəticədə səni özündən asılı vəziyyətə sala bilər. ABŞ da əslində TikTok bu səbəbdən bağlamağa qərar verdi. ABŞ Senatının Kəşfiyyat Komitəsinin üzvü Marko Rubio bu faktı açıq şəkildə etiraf edərək deyib: “İllər boyu Çin Kommunist Partiyasına Amerikadakı ən məşhur proqramlardan birinə nəzarət etməyə icazə verdik, bu, təhlükəli bir uzaqgörənlik idi”. Senator bu təhlükənin qarşısını almaq üçün TikTok-un satın alınmasını istəyirdi. Çin də bununla razılaşmadığına görə, ABŞ TikTok-u qadağan etdi. Yəni demək istədiyim odur ki, TikTok-un əxlaqa zidd yayımlar etməsi, heç bir senzuraya əhəmiyyət verməməsi Vaşinqton üçün önəmli deyildi. Sadəcə, ona nəzarət edə bilmədiyindən öz ölkəsində mövcudluğunu da istəmədi”. TikTok, Telegram və s. kimi sosial şəbəkələrin ən zəruri senzuraları tətbiq etməməsinin düşünülmüş bir siyasət olduğunu bildirən Heydər Oğuz bu kimi naqis əməllərin əslində digər tətbiqlərdə də mövcud olduğunu qeyd edib:  “Sadəcə, birində daha bariz şəkildə görünür, başqalarında qismən nəzərə çarpmır. Belə əxlaqazidd qaydaların tətbiqi həmin sosial şəbəkələrin insanın fitrətindən doğan zəifliklərə uyğun şəkildə yaradılmasından irəli gəlir. Əvvəla, onu xatırladım ki, “insan” ərəbcə “ünsiyyət” sözündən irəli gəlir. Yəni bizim ilk özəlliyimiz ünsiyyətcilliyimizdir. İkinci mühüm özəlliyimiz azadlıq duyğumuzdur. Söhbət təkcə əxlaqi azadlıqdan getmir. Söhbət həm də ondan gedir ki, əxlaq qaydalarının özü belə insanın vəhşi azadlıq hissini məhdudlaşdırır. Təsadüfi deyil ki, bir çox əxlaq kodeksləri ilahi mesajlardan irəli gəlsə də, bəziləri sırf insanları istismar etmək üçün hakim rejimlər tərəfindən yaradılır. Bu da nəticə etibarilə insanların vəhşi azadlığa meylini artırır. Dünyanı idarə etmək istəyən güclər də məhz bu zəif nöqtəmizdən yapışıb bizi özünə bağlayır”. Heydər Oğuz bunun təkcə sosial şəbəkələr vasitəsilə yox, həm də bəzi ideoloji axımlar yolu ilə cəmiyyətə təlqin olunduğunu düşünür:  “Bilirsiniz ki, Avropada cinsi azlıqlar, qeyri-ənənəvi ailə münasibətləri insan hüquqları adı ilə cəmiyyətlərə sırınır və onların hüquqları ən yüksək səviyyədə qorunur. Bu da yeri gələndə klassik əxlaqa zidd hadisədir. Milli əxlaqları ortadan qaldırıb, onun yerinə vəhşi azadlıq təmayülləri gətirmək çinli, abş-lı bütün imperialist qüvvələrin başlıca siyasətləridir. TikTok-la bağlı ABŞ və Çin arasında çıxan qalmaqal da əslində bu imperialist silaha sahiblənmək uğrunda gedir”. Əxlaq və mədəniyyətimizi qorumağımızın əsas vəzifəmiz olduğunu bildirən H.Oğuz dünyada gedən qlobal dəyişikliklərdən də geri qala bilməyəcəyimizə inanır:  “Odur ki, bu cür sosial şəbəkələri bağlaya bilmərik. Əks halda bütün innovativ yeniliklərə qapımızı bağlamış olarıq. Nəticədə inkişaf tempimizi itirərik. ABŞ ona görə TikTok-u bağlaya bilir ki, onun yerinə özü nəsə yarada biləcəyini düşünür. Bəlkə də TikTok-la rəqabətdə ondan daha tərbiyəsiz və qayda-qanun tanımaz sosial şəbəkə meydana gətirəcək. Bizim isə belə şansımız yoxdur, hətta olsa belə, yaradacağımız həmin silah cəmiyyətimizin mental dəyərlərini qorumayacaq. Sadəcə biz də nəzəri olaraq başqa dövlətlərə təsir gücü qazana bilərik”.

Azərbaycanda zərərlə işləyən zavod BAĞLANIR

“Qazax Konserv Zavodu” ASC bağlanır.  Sozcu.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bu, yığıncağın iyunun 10-da keçirilməsi planlaşdırılan illik yığıncağında müzakirə ediləcək. Səhmdarların ümumi yığıncağında, həmçinin aşağıdakı məsələlər müzakirə ediləcək: - 31.12.2023-cü il tarixdə başa çatmış maliyyə ili üzrə Cəmiyyətin illik hesabatlarının və maliyyə hesabatlarının təsdiqi, mənfəət və zərərin bölüşdürülməsi. - Cəmiyyətin ləğvi. - Cəmiyyətin ləğvi ilə əlaqədar olaraq kollegial icra orqanı olan İdarə Heyətinin və Direktorlar Şurasının (Müşahidə Şurasının) fəaliyyətinə xitam verilməsi, Ləğvetmə Komissiyası yaradılması və qanuni təmsilçiliyə dair bütün səlahiyyətlərin Ləğvetmə Komissiyasının sədrinə həvalə edilməsi. - Cəmiyyətin ləğv prosesində olmasına dair məlumatların kommersiya qurumlarının dövlət reyestrinə daxil edilməsi ilə bağlı məsələlər. - Cəmiyyətin fəaliyyətinə xitam verilməsi ilə əlaqədar olaraq investisiya qiymətli kağızların dövriyyədən çıxarılması və ləğv edilməsi ilə bağlı məsələlər. Xatırladaq ki, "Qazax Konserv Zavodu” 1998-ci ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 1 158 572 milyon manatdır. “Azərsun Holdinq” MMC-yə məxsus müəssissə son illər zərərlə işləyir. 

Nəsib Quliyevin intihar səbəbləri - Hüquqşünas-kriminalist DANIŞDI

Azərbaycanın sabiq baş pediatrı Nəsib Quliyevin bu gün yaşadığı evdə intihar etdiyi – özünü güllələdiyi barədə xəbər yayılıb. 73 yaşlı N.Quliyev tibb elmləri doktoru və professor, Əməkdar elm xadimi, Elmi-Tədqiqat Pediatriya İnstitutunun sabiq direktoru, idi. O, Azərbaycan Tibb Universitetinin (ATU) Uşaq Xəstəlikləri Kafedrasında çalışırdı. Baş Prokurorluğun Mətbuat xidmətiinin yaydığı məlumata görə, N.Quliyevin yaşadığı evdə intihar etməsi faktı ilə bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatırma maddəsi ilə cinayət işi başlanıb. Hadisənin baş vermə şəraiti, səbəbi araşdırılır. Bəs ailəli və 3 övlad atası olan peşəkar həkimin intiharına nə səbəb ola bilər? Sozcu.az-ın məlumatına görə, tanınmış hüquqşünas-kriminalist İlqar Altay bu hadisəyə münasibət bildirib. “İlkin məlumata görə, yaşadığı evdə odlu silahla özünü vurub. Kimsə tərəfindən vurulması, çox az ehtimaldır. Hər halda, istintaq araşdırması olaya aydınlıq gətirər. Qaldı ki, intihara, depressiyanı, düşgünlüyü səbəb kimi əsas götürmək uyğun deyil, çünki mərhum indiyədək imkanlı vəzifələrdə işləyib. İntihara vadar etmə də inandırıcı gəlməz, belə bir tanınmış, vəzifəli şəxs çətin ki vadar edilsin. Qalır ailə münaqişəsi, güclü emosional stress... Bu hal indiki dövr kasıb-varlı olsun, çox ailələrdə yaşanır. Hər halda, ilk anda hansısa tərəfə yönəldilməsi elə də asan olmayan müəmmalı ölümdür. Yəqin ki, belə, üzdə olan tanınmış şəxslər barədə həqiqətlərin gizlədilməsi mümkün olmaz”, - İlqar Altay qeyd edib. Yayılan məlumata görə, Nəsib Quliyev intihar etməzdən əvvəl məktub yazıb. Keçmiş baş pediatr məktubda intihar etməsinin səbəbini qeyd edib. Sözügedən məktub istintaq orqanı tərəfindən götürülüb.