Sənədsiz evlərin qeydiyyatına başlandı, portal yaradılır – RƏSMİ

“Kommunikasiya xətlərinin üzərində, yüksəkgərginlikli elektrik xətlərinin altında və dəmiryol xəttinin ətrafında olan evlər və obyektlər istisna olmaqla bütün sənədsiz evlərə “əmlak amnistisiyası” tətbiq ediləcək”. Sozcu.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən məlumat verilib. Məlumatda bildirilir ki, bu məqsədlə yeni elektron portal hazırlanır: “Bu portal 2024-cü ilin sonuna qədər vətəndaşların istifadəsinə veriləcək. İnsan sağlamlığına və insan fəaliyyətinə təhlükə törətməyən ərazilərdə tikilmiş mənzillər tədricən bu portal üzərindən rəsmiləşdiriləcək. Daşınmaz əmlakın elektronlaşması vətəndaşları bir çox qayğılardan azad edəcək. Artıq onlar kağız sənədlərdən istifadə etməyəcəklər. Vətəndaşın əmlakı Dövlət Reyestrində qeydiyyatda olacaq. Bu da mənzil sahiblərini sənədin itməsi, korlanması və oğurlanması qayğılarından azad edəcək. Buna qədərsə vətəndaşlar bu və digər hallarla rastlaşanda qəzetdə elan verməli, DİN-ə müraciət etməli olurdular. Bu da əlavə vaxt və pul itkisi deməkdir. Artıq bundan sonra bu sənədlər elektron hökumət portalında hər bir mənzil sahibinin şəxsi kabinetində saxlanılacaq. Bununla da sənədlərin oğurlanması, korlanması, saxtalaşdırılması və digər xoşagəlməz hallar aradan qalxacaq. Yeni layihə sosialyönümlüdür. Bu da o deməkdir ki, heç bir ailə öz evindən çıxarılmayacaq. Ancaq iki dəmir yolu xəttinin arasında tikilmiş mənzilin özəlləşdirilməsini gözləmək doğru deyil. Əslində, bu, həmin insanların həyatına təhlükə yaradan amildir. Amma insan sağlamlığına və insan fəaliyyətinə əngəl olmayan bütün sənədsiz evlərə sənəd veriləcək”. Qurumdan bildirilib ki, bu, ölkə başçısının müvafiq fərmanının icrası məqsədi ilə edilib: “Bu sistem qeydiyyat və kadastr sahəsində məzmunca və mahiyyətcə tamamilə yeni bir mərhələnin başlanğıcıdır. Bu günə qədər vətəndaşlar və şirkətlər hansısa dövlət orqanlarından sənədlər alırdılar. Sonra da həmin sənədin kağız versiyasını hansısa qeydiyyat orqanına təqdim edirdilər və öz mülkiyyət hüquqlarının tanınmasını xahiş edirdilər. Bundan sonra isə qanunvericiliklə müəyyən edilmiş müddətdən sonra sənədlərini əldə edirdilər. Artıq bu proseslər aradan qalxacaq. Bundan sonra bütün dövlət orqanlarının verdiyi sənədlər birbaşa Daşınmaz Əmlakın Dövlət Reyestrinə inteqrasiya ediləcək. Bu da vətəndaşları əlavə qayğılardan azad edəcək. Ən əsası – vətəndaş bundan sonra hansısa qurumun aldanışına tuş gəlməyəcək. Aldığı ev və yaxud mənzil birbaşa Dövlət Reyestrində qeydiyyata alınacaq. Həmçinin, vətəndaş internet üzərindən öz əmlakını rahatlıqla idarə edə biləcək. Buradakı digər üstünlük ondan ibarətdir ki, vətəndaş harada yaşamasından, harada pasport qeydiyyatında olmasından asılı olmayaraq, öz əmlakı barədə internet üzərində müvafiq qərar verə biləcək”. Əmlak Məsələləri Dövlət Xidmətindən o da bildirilib ki, yeni sistem işə düşəndən sonra bir sıra xoşagəlməz hallar, o cümlədən bir mənzilin bir neçə adama satılması halları da aradan qalxacaq. “Eləcə də mənzilin ümumi sahəsinin düzgün hesablanmamasına son qoyulacaq. Bundan başqa, Dövlət Reyestrindən çıxarışı olmayan mənzilin özkəninkiləşdirilməsi prosesi də sadələşdiriləcək. Məlum olduğu kimi, hazırda bəzi mənzil-tikinti kooperativləri çıxarış olmadan mənzili bir şəxsin adından digər şəxsin adına keçirərkən onun ilkin sahibindən külli miqdarda pul alırlar. Amma yeni sistem işə düşdükdən sonra bu problem də aradan qalxacaq. Belə ki, tikintisinə icazə alındığı andan çoxmənzilli yaşayış binasının portalda xüsusi imitasiyası yaradılacaq və bütün binalardakı satış və digər əməliyyatlar portal üzərindən reallaşdırılacaq”, – qurumdan “bizim.media” saytına verilən məlumatda bildirilir.

Müsavat fəalını məktəbin direktor müavini ÖLDÜRÜB – FOTO

Xəbər verdiyimiz kimi, Müsavat Partiyasının fəalı Natiq Mehdi iş yoldaşı tərəfindən qətlə yetirilib. Məlumata görə, 1964-cü il təvəllüdlü Natiq Mehdi Məhəmməd oğlu iş yoldaşı 1966-cı il təvəllədlü İslamov Elsevər Eldar oğlu tərəfindən şəxsi münasibətlər zəminində qətlə yetirilməsinə əsaslı şübhələr müəyyən edilib. Modern.az-ın əldə etdiyi məlumata görə, Natiq Mehdi Bakı şəhəri, Xətai rayonunda yerləşən 55 nömrəli məktəbdə gecə gözətçisi işləyirmiş. Hadisəni törətməkdə şübhəli bilinən Elsevər İslamov sözügedən məktəbin direktorunun təsərrüfat işləri üzrə müavini (təsərrüfat müdiri) olub. O, ixtisasca fiziki idman müəllimidir. Cinayətin başvermə səbəbi hüquq-mühafizə orqanları tərəfindən araşdırılır. Natiq Mehdi Müsavat Partiyasının sonuncu qurultayında başqanlığa namizəd olsa da, İsa Qəmbərin namizədliyini irəli sürməsindən sonra geri çəkilib.

Müsavat fəalı Natiq Ulubəy qətlə yetirilib – Yenilənib

İtkin düşmüş Müsavat partiyası fəalının qətlə yetirildiyi məlum olub. Sozcu.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən APA-ya bildirilib. Qeyd olunub ki, Natiq Mehdi Məhəmməd oğlunun itkin düşməsi barədə polisə daxil olmuş müraciət üzrə araşdırma aparılıb. “1964-cü il təvəllüdlü Natiq Mehdi Məhəmməd oğlunun iş yoldaşı 1966-cı il təvəllədlü İslamov Elsevər Eldar oğlu tərəfindən şəxsi münasibətlər zəminində qətlə yetirilməsinə əsaslı şübhələr müəyyən edib. Elsəvər İslamov polis tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Hazırda araşdırma aparılır”. ***14:05 Müsavat Partiyasının üzvü Natiq Mehdi (Ulubəy) üç gündür yoxa çıxıb. Sozcu.az xəbər verir ki, bu barədə partiyanın rəsmi sosial media hesablarında dərc olunan məlumatda deyilir. Bildirilir ki, ailə üzvləri onun öz avtomobili ilə birgə itkin düşməsi ilə bağlı polisə məlumat veriblər. “Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı onun telefonun zəng çatmadığını, harada olduğunun öyrənilməsi üçün səylər göstərildiyini  bildirib. Məsələ ilə əlaqədar Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Elşad Hacıyevlə əlaqə saxladıq. Elşad Hacıyev sorğumuzu araşdıraraq cavab verəcəyini bildirdi”. Qeyd edək ki, Natiq Ulubəy Müsavat Partiyasının başqanlığına öz namizədliyini irəli sürmüş, qurultaya bir neçə gün qalmış namizədliyini geri götürmüşdü.

Sabah ölkənin bəzi ərazilərində su olmayacaq

14-16 may tarixlərində Oğuz-Qəbələ-Bakı su kəmərində aparılacaq təmir-bərpa işləri ilə əlaqədar kəmərin marşrutu boyu yerləşən və bu xətdən qidalanan kəndlərə, eləcə də Abşeron rayonunun Qobu və Hökməli qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsi dayandırılacaq. Bu barədə Sozcu.az-a Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib. Məlumata görə, buna səbəb Oğuz-Qəbələ-Bakı su kəmərində təmir-bərpa işlərinin aparılmasıdır. Eyni zamanda Abşeron, Binəqədi, Yasamal, Nəsimi və Səbail rayonları ərazisində suyun verilişi rejimlərində tənzimləmələr aparılacaq. Qeyd edək ki, bu müddətdə Ceyranbatan Sutəmizləyici Qurğularında emal olunan və şəbəkəyə ötürülən suyun həcmi artırılacaq.

Sumqayıtda qadının sürdüyü təlim maşını yandı

Sumqayıt şəhərində təlim maşını yanıb. Sozcu.az Report-a istinadən xəbər verir ki, hadisə şəhərin 41-ci məhəlləsində qeydə alınıb. Belə ki, Sumqayıt şəhər sakini, 1972-ci il təvəllüdlü Səbinə Siyavuş qızı Ağayevanın idarə etdiyi təlim mərkəzlərinin birinə məxsus “Kia” markalı avtomobil yanıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları və texnikası cəlb olunub. Yanğın söndürülüb və ətraf maşınlara keçməsinin qarşısı alınıb.

809-cu gün: Rusiyanın itkiləri yeniləndi

Ukrayna müharibənin 809-cu günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 482 290 hərbçi, 7 454 ədəd tank, 14 375 ədəd zirehli döyüş maşını, 12 472 ədəd artilleriya sistemi, 1 066 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 797 hava hücumundan müdafiə sistemi, 350 ədəd hərbi təyyarə, 325 ədəd helikopter, 16 819 ədəd avtomobil texnikası, 9 910 ədəd PUA, 2 194 qanadlı raket, 26 gəmi/kater, 1 sualtı qayıq, 2 042 xüsusi avadanlıq itirib.

Bu gün vəfat edən Sevinc barədə ürək dağlayan FAKT

“Əməliyyatdan dərhal sonra dünyasını dəyişib”. Sozcu.az xəbər verir ki, bu barədə Oxu.Az-a Bakı Slavyan Universitetindən tələbə Sevinc Bayramovanın ölümü barədə bildirilib. Universitetdən Sevinc Bayramovanın heç bir xəstəliyi olmadığı vurğulanıb: “Tələbənin xəstəliyi yox idi. Bir müddət əvvəl qızılcaya yoluxmuşdu. İmmuniteti aşağı düşmüşdü. Bir qədər zəifləmişdi. Hər hansı bir xəstəlikdən əziyyət çəkmirdi. Bir gün öncə əməliyyat olunub. Əməliyyatdan dərhal sonra klinikada dünyasını dəyişib. Çox yaxşı tələbə idi. Dekan və müəllimlərinin dediyinə görə, dərslərdə hər zaman aktiv iştirak edirmiş. Allah rəhmət etsin!” Qeyd edək ki, Bakı Slavyan Universitetinin Şərqi Avropa Dilləri fakültəsinin II kurs tələbəsi Sevinc Bayramova qəflətən dünyasını dəyişib.

Oteldəki zəhərlənmə ilə bağlı YENİ ŞOK İDDİA

Bakıda 4 dostun oteldə zəhərlənməsi mövzusu hələ də gündəmdədir. Ailələr dostların oteldəki qidadan zəhərləndiklərini iddia etsələr də, 1 saylı Şəhər Klinik Xəstəxanasının həkimləri bu zəhərlənmədə şübhəli məqamların olduğunu istisna etmir. Bundan başqa, iddia olunur ki, gənclər potensiyanı artıran dərmanlarla spirtli içki qəbul ediblər, nəticədə ürəkləri dayanıb. Qidadan və ya içkidən zəhərlənmə halında ani ölüm baş verə bilərmi? İçki ilə dərmanı qarışdırmağın fəsadı nədir? Mövzunu Globalinfo.az-a şərh edən tibb elmləri doktoru, həkim-cərrah Adil Qeybulla deyib ki, istənilən ölüm halı evdə, müxtəlif yerlərdə, o cümlədən stasionarda baş veribsə, bu, mütləq autopsiya edilməlidir. Onun sözlərinə görə, ölümün birbaşa səbəbi ekspertizadan sonra məlum olur: “İstər qidadan, istər alkoqoldan qəfləti ölüm mümkündür. Bunlar orqanizmdə həyatla bir araya sığmayan situasiyalara bağlıdır. Məsələn, qidadan zəhərləndikdən dərhal sonra baş verən ölüm halı xüsusilə vakulist xəstəliyindən baş verir. Bu, qida toksiki infeksiyalarıdır. Hansı ki, həmin mikrob müəyyən optimal dozalarda ölüm həddinə çatdıra bilir. Digər hal isə alkoqola bağlıdır. Alkoqol əgər texniki standartlardan kənar hazırlanıbsa, əlbəttə, orada müəyyən fəsadlar, o cümlədən də ölüm baş verə bilər. Müxtəlif versiyalar irəli sürülür. Hər halda son sözü Məhkəmə Tibbi Ekspertizası deməlidir”. A.Qeybulla deyib ki, ekspertiza rəyindən sonra konkret fikir bildirmək olar: “Bəzən insanlar özləri müəyyən səhvlərə yol verə bilirlər. Məsələn, əgər hansısa spirtli içki ilə birgə dərman da qəbul ediblərsə, o zaman faktiki olaraq məsuliyyət həmin şəxslərin öz üzərinə düşür. Burada qəsd və xüsusilə də hüquqi məsuliyyət yaradan ciddi bir səhlənkarlıq varsa, əlbəttə, həmin işdə məsul olan kəslər məsuliyyət daşıyırlar. Gənclərin nədən ölməsi ilə bağlı çox iddia ortaya atıla bilər, amma hər biri konkret araşdırılmalıdır. Şayiələr ona görə ortaya çıxır ki, ölümün səbəbi hələ araşdırılmayıb”. Redaksiya deyilənlərlə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazır olduğunu bildirir.

Veteran pulları ilə bağlı təklif: 160 manat...

Son günlər dövlətin ayırdığı müavinətlər arasında veteran pulunun da artırılması məsələsi müzakirə mövzusuna çevrilib. Müharibə iştirakçıları hazırda 80 manat müvainət alsa da bu məbləğin az olması zaman-zaman dilə gətirilib.  Sozcu.az xəbər verir ki, millət vəkili Vüqar Bayramov da veteran pulunun artırılması ilə bağlı parlamentə təklif təqdim edib.  Deputat qeyd edib ki, təklif zamanı müavinətin iki dəfə artırılaraq 160 manata çatdırılmasını irəli sürüb: "Veteran pulunun artırılması ilə bağlı büdcə müzakirələri zamanı təklifimizi etmişik. Biz veteran pulunun iki dəfə artırılmasını təklif edirik. Çünki veteran pulu müəyyənləşəndən sonra iki dəfəyə yaxın artımlar olub. Veteran pulu əlilliyi olmayan və müharibədə iştirak edənlərə ödənilən müavinətdir. Bu vəsaitin ödənilməsində məqsəd kommunal və digər xərlərin qarşılanmasıdır. Dövlət bir növ bu yolla kompensasiya edir.  Veteran pulu ödənilməyə başlayandan sonra pul xərclərinin strukturunda iki dəfə yaxın artım var. Bu səbəbdən veteran puulunun iki dəfə artırılmasını təklif edirik. Nəzərə almaq lazımdır ki, ombudsman institutunun illik hesabatındakı təkliflərdən biri də müharibə iştirakçılarına verilən müavinətin artırılması olub.  Hesab edirəm ki, qiymətləndirmə aparıldıqdan sonra bu istiqamətdə addımların atılması mümükün olacaq".

Rusiya qoşunları Ukrayna şəhərində mühasirəyə düşdü - Təcili

Ukrayna müdafiə bölmələri Krasnoqorovka şəhərinə daxil olan Rusiya hücum qrupunu mühasirəyə alıb. Sozcu.az xəbər verir ki, bu barədə Ukraynanın “Xortitsa” qoşunlarının əməliyyat-strateji qrupunun nümayəndəsi, polkovnik-leytenant Nazar Voloşin deyib. “Düşmən kiçik qrupla şəhərə soxulub və zavod ərazisində yerləşib. Bölmələrimizin, xüsusilə 59-cu briqadanın səyləri nəticəsində düşmənin hərəkəti məhdudlaşıb və hələ də oradadır”, - deyə o bildirib. Voloşin qeyd edib ki, hazırda Rusiya hərbçilərinin sursat təchizatı kəsilib.

Sertifikasiya imtahanında iştirak edəcək müəllimlərin NƏZƏRİNƏ

Təhsil TV tərəfindən təhsilverənlərin sertifikatlaşdırılması prosesi ilə bağlı proqram yayımlanır. Elm və Təhsil Nazirliyindən Sozcu.az-a bildirilib ki, "Təhsilverənlərin sertifikatlaşdırılması dərsləri" proqramı cari ildə sertifikatlaşdırma imtahanı keçiriləcək fənləri əhatə edir. Proqramda həmin fənlər, metodika və pedaqogika üzrə mövzuların izahı təqdim olunur. Müəllimlər bu proqramı Elm və Təhsil Nazirliyi, həmçinin Təhsil TV-nin rəsmi feysbuk səhifələri üzərindən izləyə bilərlər.

Rusiya sülhməramlılarının növbəti karvanı Xocalı aeroportunu tərk edib, Goranda qatarlara yüklənir

Bu gün səhər saatlarından Rusiya sülhməramlılarının növbəti hərbi yük maşınlarından ibarət karvanı Xocalı aeroportundakı ərazini tərk edib. Sozcu.az APA-ya istinadən xəbər verir ki, sülhməramlılar Goran dəmir yolu stansiyasına hərəkət edib. Avtomobillər Rusiyaya göndərilmək üçün Goran dəmir yolu stansiyasında qatarlara yüklənir.