Bakıda bu yaşayış binaları sökülür - FOTO

Bakı şəhərində daha bir söküntü aparılacaq ərazi məlum olub. Sozcu.az -ın Trend-ə istinadən məlumatına görə, Nizami rayonu, Kamil Balakişiyev və Nəsimi küçələrinin kəsişməsində yerləşən, istismar müddəti başa çatmış 3 və 5 mərtəbəli köhnə yaşayış binalarının söküntüsünə başlanılacaq. Məlumatda o da qeyd edilib ki, yerində on altı ədəd yeni müasir premium tipli binaların inşası nəzərdə tutulur. Kompleksin həyətində park, uşaqlar üçün əyləncə mərkəzləri, uşaq bağçası, futbol meydançası və s. planlaşdırılır. Qeyd edək ki, bundan öncə Nizami rayonu, Kamil Balakişiyev küçəsində yerləşən üçmərtəbəli binanın söküldüyü barədə məlumat yayılmışdı.

“Anadangəlmə fiziki-qüsurlu qızımın 3 il ala bilmədiyi pensiyasını vermirlər, borca-xərcə düşmüşəm” - ŞİKAYƏT

“Qızım Yeganə Çələbiyeva anadangəlmə hidrosefaliya xəstəsidir. Doğulandan 2-3 ay sonra səhhətindəki fəsad artıq xarici görünüşünə də yansıyırdı. Həkimə müraciət etdik. Onlar da diaqnoz qoydular ki, uşaqda yüksək kəllədaxili təzyiq var. O illərdən başladıq müalicələrə. Təbrizə də, Rusiyaya da aparmışıq, amma bizə müsbət bir cavab verən olmayıb. Doğulduğum Ağdaş rayonu Qaradağlı kəndində Kəmalə adlı bir həkim var. O qızımın xəstəliyini qismən də olsa müalicə etdi. O zaman heç işləmirdim. Möcüzə nəticəsində qızım göydə Allahın, yerdə onun sayəsində sağ qaldı və yaşamına davam etdi” Bunu Moderator.az-a açıqlamasında Ağdaş rayonu Qaradağlı kənd sakini Ceyhun Çələbiyev deyib. O daha sonra bildirib ki, dövlət fiziki-qüsurlu övladına pensiya təyin edib. “O vaxt heç əlillik qrupları yox idi. Azyaşlı kimi ona pensiya ayırdılar. 10 ildən çox uşağa pensiya verildi. 2020-ci ildə, pandemiya ərəfəsində komissiya vaxtı idi. Yaxınlaşıb rayon komissiyasından keçdik, Bakıya müraciət etdik amma imtina gəldi ki, əlavə müayinə və müalicəyə ehtiyac var. Bundan sonra Uşaq Nevroloji xəstəxanasına getdik. Bu xəstəxanada qızıma əqli zəiflik diaqnozu da qoydular. Biz yenidən rayona qayıtdıq. Rayonumuzdakı psixoloq bizə bildirdi ki, psixiatrik xəstəxananın cavabını almalısınız. Buna görə də xəstəxanada yatmalıdır. Mingəçevir yaxın olduğuna görə ora yaxınlaşdıq. Qızımın bədən quruluşu assimmetrikdir. Birtərəfi o biri tərəfindən fərqlidir. Rafael həkim xəstəyə baxanda ilk sözü bu oldu ki, uşağın pensiyasını niyə saxlayıblar?! Sağ olsun, o bizi müayinə etdi. Yenidən Bakıya müraciət etdik, amma bu dəfə də imtina gəldi. Yaxınlaşdıq Mingəçevirə. Bir daha ətraflı müayinə, müalicə etdilər və qızımı xəstəxanada yatızdırdılar. Yenidən kağız verdilər, yenə də Bakıya müraciət edəndə pensiya üçün müraciətimizə imtina cavabı gəldi. Rayon psixoloqu mənə dedi ki, siz gərək Maştağa Psixiatriya xəstəxanasının kağızını alasız. Maddi sıxıntım ucbatından Maştağaya gedə bilmədim. 1 dəfə gedib qayıtmaq məsələsi olsaydı bunu bacarardım. Amma 10-15 gün gedib-gəlmək lazım idi. Bunun üçün maddi vəsaitim yox idi. İşsiz idim, öz avtomobilimlə gündəlik taksi kimi çalışıb, çörək pulumu qazanırdım. Sonra sıxıntılarım oldu, əlimdəki maşınımı da satıb gəldim Bakıya işləməyə. Burada olduğum müddətdə imkanlaşdırıb qızımı Maştağa Psixiatriya xəstəxanasına apara bildim. Qızımı bir müddət orada yatdı. Bu dəfə qızım üçün pensiya müəyyənləşdi. Ona 3-cü qrup ömürlük pensiya təyin olundu. 2023-cü ilin oktyabr ayının sonlarından pensiya bərpa olunub. Mən bir valideyn olaraq bacardığım qədər uşağımın 3 il ala bilmədiyi halal pensiya pulunu almağa çalışıram. Bu müddətə qədər aradan 3 il vaxt keçib. Gözlədim ki, yəqin almadığımız pensiyanı yenidən bizə verərlər. Gördüm ki, 250 manat puldur. Rayon pensiya idarəsinə yaxınlaşdım. Dedilər ki, yəqin sizə düşmür. Dedim axı necə ola bilər? Biz dəfələrlə müraciət etmişik, onlar imtina ediblər. Biz də axı boş oturmamışıq, onu müalicə-müayinə etmişik. Bu artıq onların səhvidir. Gəlib yerində müayinə-müalicə edərdilər, baxardılar ki, uşaq həqiqətən də xəstədir. Xəstə ilə maraqlanmadıqları bir yana, üstəlik pensiyanı ödəmirlər! Həkimlər deyir ki, 6 ay müddətində pensiya bərpa olunsaydı siz həmin məbləği ala bilərdiniz. Məntiqsiz bir ifadədir! Uşaq əgər fiziki qüsurludursa, 3 ildən sonra uşağa pensiya təyin olunubsa, 6 aydan sonra necə əlilliyi olmaya bilər?! Onlar nə dediklərini özləri də bilmir! Mən o müddətdə övladımı müalicə etdirə bilməmişəm. 250 manat pensiya verilir, o pulla da 3 il ərzində yığdığım borcları qaytarıram, övladımı müalicə etdirə bilmirəm. Səhiyyə Nazirinə, Dövlət Sosial Müdafiə Fondunun sədrinə, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədrinə məktubla müraciət etmişəm. Onlardan da müsbət bir cavab gəlməyib. Ən son çıxış yolum onları məhkəməyə verməkdir. Bilirəm ki, sona qədər haqlıyam. Mənim tələbim və istəyim budur ki, bərpa olunmuş bu pensiya dayandırıldığı vaxtdan yenidən bərpa olunsun. Anadangəlmə fiziki-qüsurlu olan qızımın 3 il pensiyasını kəsiblər. Mən vaxtında müraciət etmişəm, siz imtina etmisiz. Gedib uşağa da baxa bilərlər. Bakıya da gətizdirə bilərəm. Mən Bakıda kirayədə qalıb icarəyə götürdüyüm maşınla taksi kimi fəaliyyət göstərirəm. Ailəm isə məndən uzaqda Ağdaşda, Qaradağlı kəndində qalır” deyə şikayətçi bildirib.

Gələn həftə 3 gün iş olmayacaq? - RƏSMİ AÇIQLAMA

28 may Respublika Günü münasibətilə Azərbaycanda 3 gün ardıcıl iş olmayacağı gözlənilir.  Sozcu.az xəbər verir ki, mayın 28-i həftənin 2-ci gününə təsadüf edir. Adətən, belə situasiyalarda iş günləri ilə istirahət günlərinin yeri dəyişdirilir.  Əmək Məcəlləsinə əsasən, həftəarası istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bilavasitə bayram günündən sonrakı və ya əvvəlki iş gününə keçirilir. Bu isə o deməkdir ki, 25 may şənbə günü ilə 27 may birinci günün yeri dəyişdirilə bilər. Beləliklə, gələn həftə Azərbaycanda 3 gün - 26, 27 və 28 may tarixlərində qeyri-iş günü ola bilər. Yenisabah.az məsələni dəqiqləşdirmək üçün Nazirlər Kabineti ilə əlaqə saxlayıb. Qurumdan bildirilib ki, bununla bağlı hökumətin müvafiq qərarı olacağı təqdirdə, ictimaiyyətə məlumat veriləcək. 

SON DƏQİQƏ! “Trendyol” qiymətləri bir neçə dəfə artırdı

Türkiyənin onlayn alış-veriş platforması olan “Trendyol”un  Azərbaycana məhsul çatdırılma xidmətində qiymət dəyişikliyi ilə bağlı yeni məlumatlar yayılıb.  Sozcu.az xəbər verir ki, “Trendyol” daşıma qiymətlərini bir neçə dəfə artırıb.  Belə ki, əvvəllər alınan eyni məhsula bu gündən etibarən daha çox daşıma xərci tələb olunur.  Ən aşağı desi qiyməti məhsulların əksəriyyətində 79,99 TL olaraq qalır və dəyişməyib. Daha böyük həcmdə olan bağlamalar üçün isə bu rəqəm 99,99 TL - 399,99 TL arasında dəyişir.  Qeyd edək ki, desi dedikdə bir bağlamanın ümumilikdə ölçüsü (eni, uzunluğu) nəzərdə tutulur.yensabah)

Göyçay rayonunun Çaxırlı kənd sakinləri iş adamından şikayətçidir - VİDEO

Göyçay rayonu, Çaxırlı kənd sakini Əsgərov Samir Zahid oğlu Sozcu.az saytına müraciət edərək bildirir ki, iş adamının yaratdığı süni göl kəndə cidid şəkildə su prpblemi yaradır. Şikayətçi bildirir ki, iş adamı həmçinin onlarla ağacları kəsərək kologiyaya ciddi ziyan vurur. Əsgərov Samir Zahid oğlunun şikayətini olduğu kimi təqdim edirik:  "Bir nəfər iş adamı vəzifəli şəxslərlə əlbir olub bir kəndin torpaqlarını məhv edir. Göyçay rayonu Çaxırlı kənd sakini iş adamı Əsgərov Vidadi Faxrət oğlu Çaxırlı kəndində 20 hektardan çox örüş yerini qanunsuz qazaraq yaratdığı sünü gölün kənarında olan çoxlu sayda yurğun və söyüd ağaclarını yandıraraq məhv etmişdir. Həmin yurğun və söyüd ağaclarının yandırılması barədə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliynə etdiyimiz şikayətdən sonra əraziyə baxış keçirilib. Həmin vaxt Vidadi Əsgərovun bu qanunsuz işi görməsi təsdiq edilsədə indiyə qədər heç bir tədbir görülməyib.Buda onu deməyə əsas verir ki, Vidadi Əsgərov bütün qanunsuz işlərini pulla həll etdiyi kimi bu əməlinində üstünü ört-basdır etməyə nail ola bilmişdir.  Vidadi Əsgərovun qanunsuz əməllərinin üstünü öz marağına görə ört-basdır edən vəzifəli şəxslər özləri cəzalanmalıdırlar. Çünki Vidadi Əsgərovun qanunsuz yaratdığı sünü göl 3 km-dən çox ərazinin torpaqlarını şoranlaşdırıb məhv edir məhsuldarlığı aşağı salır. Həmçinin çoxlusayda yurğun və söyüd ağaclarını yandırmaqla təbiətə və ekologiyaya ciddi ziyanlar vurub. Vidadi Əsgərovun yurğun və söyüd ağaclarını yandırıb məhv etməsi cinayət əməli hesab olunur.       Azərbaycan Respublikasının 260.2-ci maddəsinə əsasən yandırma və ya digər ümumi təhlükəli üsulla və ya zərərli maddələrlə, tullantılarla çirklənməsi nəticəsində, meşələri və ya meşə fonduna aid olmayan ağac və ya kol əkililəri məhv etmə və ya korlama— iki ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Vidadi Əsgərov qəsdən meşə fonduna aid olmayan ağac və kolları yandıraraq məhv etmişdir.  Həmçinin Vidadi Əsgərov kənd təsərrüfatı təyinatlı torpaq sahəsində Azərbaycan Respublikasının torpaq və su qanunvericiliyinin tələbləri pozulmaqla balıqçılıq təsərrüfatı məqsədilə süni göl yaradıb. Həmin göldən uzun illərdir ki, balıq yetişdirilməsi və ovlanması üçün istifadə edir.Nəticədə həmin gölün ərazisinə aid torpaq sahəsinin münbit qatı bilavasitə korlanmaqla yanaşı, ətraf ərazilərdə qrunt suyunun səviyyəsinin qalxması nəticəsində yüzlərlə hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələri şorlaşmaya məruz qalır. Şəxsən bizim 5, 27 hektar torpaq sahəmizdə saldığımız bağın 2108 ədəd ağacı bu gölə görə quruyub məhv olmuşdur.   Bütün bunlar göz qarşısında baş vermiş qanunsuz əməllər olsada pul hesabına üstü ört-basdır edilir.Azərbaycan bu il COP-29-a ev sahibliyi edəcək.Buna görə Azərbaycana dünyanın bütün ölkələrindən nümayəndələr gələcək.Həmçinin Prezident cənab İlham Əliyev ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında 25 dekabr 2023-cü il tarixdə sərəncam imzalayıb.   Vəzifəsindən asılı olmayaraq Azərbaycanın bütün vətəndaşları təbiəti bir yerdə qorumalıyıq.Öz şəxsi maraqlarına görə ekologiyaya, təbiətə küllü miqdarda ziyanlar vuran Vidadi Əsgərov və onu himayə edən vəzifəli şəxslərə qarşı birgə mübarizə aparıb onları qanunlara tabe etməliyik.      Aidiyyatı mərkəzi orqanların rəhbərlərindən xahiş edirəm Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər aidiyyatı mərkəzi orqanlar tərəfindən komissiya yaradlıb ərazidə təcili yoxlama aparılsın yurğun və söyüd ağaclarını yandırıb məhv etdiyinə və 20 hektardan çox örüş torpağnda qanunsuz süni göl yaradıb təbiətə, ekologiyaya, dövlətə, kənd təsərrüfatına və sakinlərə küllü miqdarda ziyanlar vurduğu üçün Əsgərov Vidadi Faxrət oğlunun və onun cinayət əməllərinin üstünü ört-basdır edən vəzifəli şəxslərin barəsində təcili və ciddi tədbirlər görülməsinə tapşırıq verəsiniz. 

Qanunsuz tikililərdən narazı qalan vətəndaşlar nə etməlidir? - AÇIQLAMA

Son illər Bakı və ətraf ərazilərdə qanunsuz tikililərin sayı artıb. Xüsusilə zirzəmilər obyektə çevrilir... Aidiyyəti qurumlar isə “qanunsuzdur” deməklə kifayətlənirlər. Verilən vədlər sözdədir, əməl isə göz qabağındadır. Abşeron, Yasamal, Nəsimi rayonu kimi ərazilərdə icra hakimiyyətləri öz bildiklərini “oxuyurlar”. Bir sözlə, sahibkar öz işini görür, danışmaq, yazmaq isə vətəndaşa qalır. Problemin ən acınacaqlı tərəfi də məhz pərakəndə tikilən obyekt və binalar səbəbindən kanalizasiya sistemlərinin yağış yağan zaman yaratdığı mənzərədir...  Hüquqşünas Əkrəm Həsənov Pravda.az-a açıqlamasında problemin mənbəyindən danışıb:  “Problemin kökü bu sahədə şəffaflığın olmamasındadır. Nəticə olaraq, ictimai nəzarət də yoxdur. Normal sistemi olan ölkələrdə şəffaflıq var. Yəni daşınmaz əmlakın dövlət reyestri şəffafdır, kimin nəyi varsa - torpağı, əmlakı, yaxud nə tikirsə, nəyə icazə alıbsa, hamısı sistemdə görünür. Hər kəs internet vasitəsilə girərək, bu məlumatları əldə edib, özü məsələni qaldıra, tədbir görə bilər. Vətəndaş harada bir tikinti işi gedibsə, heç kimə müraciət etmədən sistemə daxil olur, görür ki, bunun nə icazəsi var, nə də heç nəyi... Bizdə isə bu yoxdur. Heç aşağı mərtəbədə yaşayan bina sakini üstündəki qonşunun kim olduğunu bilmir. Həmin mənzil kimə məxsusdur? Gizlidir. Bizdə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunda bu məlumatlar qapalıdır. Bu qapalıdırsa, başqa şeylər də qapalıdır. Yəni heç nə görmürük, məlumatlar qapalıdır. Buna görə də problemlər həllini tapa bilmir. Çünki bu sahədə işləyən məmurlar bunda maraqlı deyillər. Sadəcə, maraqlıdırlar ki, korrupsiya olsun. Təbii ki, belə bir şəraitdə korrupsiya da var. Kiminsə əməlinə göz yumulur. Buna görə problemin həlli yolu yalnız və yalnız şəffaf sistem qurulmasındadır”, - o bildirib. 

Bakı küçələrində ölüm saçan təhlükə – “Xüsusi cihazlar da işə yaramır”

Son günlər Bakıda, eləcə də regionlarda küçə itlərinin hücumuna məruz qalanların sayı artır. Sözügedən problemlə bağlı müxtəlif təkliflər irəli sürülür. Məsələn, itlərin hücumu zamanı onları uzaqlaşdırmaq üçün xüsusi cihazların olduğu deyilir. Globalinfo.az-a danışan hərbi kinoloq Nicat Əhmədli deyib ki, həmin cihazlardan Azərbaycanda da var, lakin effektiv deyil: “Bir-iki ABŞ firmasının cihazı var ki, nisbətən yaxşı olur. Onların da qiyməti olduqca bahadır. Həmin qurğuların əksəriyyəti keyfiyyətsizdir. Digər tərəfdən də mövcud cihazlar bütün itlərə təsir etmir. Yalnız böyük itləri uzaqlaşdırır”. Kinoloq itlərin azalmasının yolunu açıqlayıb: “İtlərin artmasının qarşısını almağın bir yolu var – qısırlaşdırmaq. Başqa variant yoxdur. Hər hansı variant olsa, başqa ölkələr istifadə edərdilər. Təsəvür edin, ABŞ, Almaniya, İtaliya kimi ölkələr qısırlaşdırma siyasətinə gedib. İtlər də qısırlaşdırıldığı üçün avtomatik sayları azalır. İlk 5 ildə artıq nəticə əldə etmək olur, amma hansısa aparatı quraşdırmaq bir itdə effekt verəcəksə, beşində verməyəcək”.

Yağış 6 il əvvəl 17 milyona tikilən yolu yararsız hala saldı – Foto

Lahıc-Dəmirçi avtomobil yolu güclü yağış nəticəsində yararsız vəziyyətə düşüb. Sozcu.az APA-ya istinadla verir ki, bir neçə gündür yağan yağışlar nəticəsində yolun bir neçə hissəsində torpaq sürüşüb. Nəticədə asfalt örtüyü tamamilə dağılıb. Qeyd edək ki, Şamaxı rayonunun Dəmirçi kəndini İsmayıllı rayonunun Lahıc qəsəbəsi ilə birləşdirən 22 kilometrlik yol 2018-ci ilin avqustunda istifadəyə verilib. Azərbaycan Prezidentinin müvafiq sərəncamlarına əsasən, Şamaxı rayonunun 1 və İsmayıllı rayonunun 4 yaşayış məntəqəsini əhatə edən Dəmirçi-Lahıc yolunun tikintisinə müvafiq olaraq prezidentin ehtiyat fondundan 3 milyon, dövlət büdcəsinin investisiya xərclərindən isə 13,7 milyon manat olmaqla Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ümumilikdə 16,7 milyon manat ayrılıb.

Bu sahəyə yatırım edənlərə pis xəbər – Pulunuz bata bilər

İllər keçdikcə yaşayış minumumu artmaqda davam edir. Demək olar ki, bütün xidmət və sahələrdə hər il bahalaşma müşahidə olunur. Hesablamalara görə, dollar nisbətində yaşayış minimumu 2 dəfə artıb, 80 dollardan 160 dollara qədər yüksəlib. Bu o deməkdir ki, vətəndaşın 10 min dollarlıq əmanətinin alıcılıq qabiliyyəti ötən 8 ildə 2 dəfə azalıb. Əmanətini dollarda saxlayan vətəndaşlar üçün bu, mənfi tendensiyadır. Maraqlıdır, Azərbaycanda hansı sahəyə yatırım edib, gəlir götürmək daha qazanclı sayılır?  İqtisadçı ekpert Əkrəm Həsənov mövzunu “Yeni Sabah”a şərh edib. Bildirib ki, insanlar pullarını daha çox dollara və daşınmaz əmlaka yatırırlar, lakin bu düzgün seçim deyil:  “Qiymət artımının sürəti əmanətlər üzrə qazanılan faizdən daha çoxdur. Buna görə də əmanətlər qiymət artımının qarşısını almır. Bəziləri düşünür ki, bu belədir. Yox. Qiymətlər daha sürətlə artır. İnsanlar əmanətləri dollar və avroda ona görə saxlayırlar ki, onların devalvasiya qorxusu var. Əslində isə, manat üzrə faizlər daha çoxdur. Ancaq yenə də bu, həmin qorxunu aradan qaldırmır. Azərbaycanda insanların çoxu daşınmaz əmlaka yatırım edir. Bu sahədə də qiymətlər artmaq əvəzinə daha da aşağı düşür. Beləliklə, həmin daşınmaz əmlakı istədikləri qiymətə sata bilmirlər”.  Ə.Həsənov yatırım üçün sahibkarlıq və biznesin uğurlu istiqamət olduğunu vurğulayıb:  “Pulun ən düzgün qoyuluşu sahibkarlığa, biznesə yatırım etməkdir. Fəqət, bunun üçün Azərbaycanda alətlər yoxdur. İnkişaf etmiş ölkələrdə səhmdar cəmiyyətləri mövcuddur. Bu vasitə ilə insanlar pullarını həmin yerdə birləşdirirlər, birgə biznes qururlar və qazanırlar. Təəssüflər olsun ki, bu bizdə yoxdur. Bunun da əsas səbəbi şəffaflığın olmamasıdır. Eyni zamanda sahibkarlıq üçün şərait mövcud deyil. Ona görə də insanlara düzgün və dəqiq tövsiyə vermək olmur. Çox pulu olanlar vəsaitlərini hansısa yolla xaricə çıxarır və orada biznes qururlar. Ancaq az pulla birləşərək səhmdar cəmiyyəti yaratmaq mümkündür. Bu istiqamətdə qanunvericilik olmadığı üçün isə Azərbaycanda ciddi iqtisadi problem var”. 

Yeni qərar qüvvəyə minir: Taksilərin qiyməti artacaq

Taksi xidməti ilə məşğul olan şirkətlərin balansında olan nəqliyyat vasitələrinin azalması tendensiyası müşahidə olunur. Bu isə özlüyündə təqdim olunan xidmətin müqabilində qiymətlərin artımı ilə nəticələnir. Hətta ölkəmizdə taksi sektorunda yetərincə istifadəçisi olan “Bolt” şirkətində də qiymət artımı artıq baş verib. Belə ki, şirkət taksi xidməti ilə bağlı qiymətlərin 9 faiz artırıldığını elan edib.  Digər tərəfdən, taksilərlə bağlı qəbul edilmiş yeni qərar da iyuldan etibarən taksilərin sayının kəskin azalacağını göstərən əsas faktorlardan biridir.  Bəs taksilərin sayının məhdudlaşdırılması digər şirkətlərdə də qiymət artımına səbəb ola bilərmi?  Mövzu ilə bağlı Yenisabah.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert İlqar Hüseynli bildirib ki, tələb-təklif prinsipinə uyğun olaraq, taksi avtomobillərinin azalması qiymətlərin artmasına da təsir göstərəcək:  “Taksilərin sayının məhdudlaşdırlması tendensiyası başlayıb. Təkcə “Bolt”da deyil, digər şirkətlərdə də bu azalma müşahidə olunur. Sözsüz ki, ümumi olaraq xidmət göstərən taksilərin sayı azalırsa, nəticə etibarı ilə bu xidmət göstərənlərin sayının da azalması deməkdir. Beləliklə bu da bazarda qiymətə öz təsirini göstərir”.  Ekspertin fikrincə, əvvəllər taksilərin sayının yetərincə çox olması xidmətin daha ucuz təklif olunmasına səbəb olurdu: “Nə qədər rəqabət çox olurdusa, nəqliyyat sayı, ərazi və sifariş olunan yerlərdə taksi sayı çox olardısa, bir o qədər də aşağı qiymət müşahidə olunurdu. Ona görə də, taksi xidməti göstərən şirkətlərdə nəqliyyat vasitələrinin sayının azalması bütün hallarda qiymətin artımına səbəb olur. Bu, təkcə taksi xidmətində deyil, bütün xidmətlərdə özünü göstərən tendensiyadır”.

Qeyri-sabit hava şəraiti bu tarixədək davam edəcək

Bakıda və Abşeron yarımadasında mayın 12-si günün ikinci yarısından 14-ü gündüzədək şimal-qərb küləyinin 15-18 m/s, arabir 20-25 m/s-dək güclənəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az-a bildirilib ki, mayın 12-si axşamdan 13-dək arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Azərbaycanın rayonlarında mayın 12-si gündüz şimal və qərb rayonlarından başlayaraq hava şəraitinin dəyişəcəyi, 15-i səhərədək fasilələrlə leysan xarakterli yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Qarabağ və Şərqi Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara) yağıntıların intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8° aşağı enəcək. Çaylarda o cümlədən Kür, Araz və Qanıx çaylarında sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, Lənkəran-Astara bölgəsinin ərazisindən axan bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.

Rayonlarda yağış, külək - FAKTİKİ HAVA

Mayın 12-si saat 10:00-a olan məlumatına əsasən əksər rayonlarda arabir yağış yağıb, ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olub. Arabir güclənən şimal-qərb küləyi əsib. Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az-a bildirilib ki, yağıntının miqdarı Zaqatalada 9 mm, Tovuz, Balakəndə 6 mm, Şəmkirdə 5 mm, Şahbuzda 4 mm, Qax, Gəncə, Şəki, Ceyrançöl, Sədərək, Gədəbəy, Naxçıvan, Şahdağ, Göygöl, İsmayıllı, Tərtər, Kürdəmir, Yevlax, Ağdam, Culfa, Ordubad, Şərurda 3 mm-dək olub. Mayın 11-i Daşkəsən rayonuna saat 14:45-14:47 radələrində daimetri 8 mm, Daşkəsən rayonu Dəstəfurçay-Qaraqollar ərazisinə saat 15:00-15:18 radələrində 17 mm, Gədəbəy rayonuna isə saat 14:10-14:18 radələrində 9 mm olan dolu düşüb. Şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 17 m/s, Mingəçevirdə 25 m/s, Tərtər, Goranboyda 23 m/s, Naftalanda 22 m/s, Şahdağ, Şəkidə 20 m/s, Gəncədə 18 m/s-dək güclənib. Göygöl, Şamaxı, Gəncə, Şəmkir, Balakən, Zaqatala, Qax, Yevlax, Göyçayda duman müşahidə olunub. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 21-25, Naxçıvan MR-da 20-26, Aran rayonlarında 22-27, dağlıq rayonlarda isə 15-19 dərəcə isti olub.